Azər Allahverənov: Bu qırğınlar təkcə insanlara qarşı deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinə qarşı yönəlmişdi
BAYRAQDAR MEDİA – “1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və qəza ərazilərində dinc azərbaycanlı əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınlar, hərtərəfli bir planın nəticəsi olaraq baş vermişdir”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Onun sözlərinə görə, bu qırğınlar təkcə insanlara qarşı deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinə qarşı yönəlmişdi: “Məktəblər, xəstəxanalar, məscidlər, tarixi abidələr məqsədyönlü şəkildə dağıdılmış, xalqın mənəvi varlığına ağır zərbə vurulmuşdur. Bakıdakı Təzəpir, Göy məscid və Şamaxıdakı Cümə məscidi kimi tarixi abidələr bu vandalizmin qurbanı olmuşdur. Bütövlükdə, Bakı və digər şəhərlərdə bir neçə gün ərzində baş verən bu qırğınlar zamanı on minlərlə insanın həyatına son qoyulmuşdur. Bu qırğınları törədənlər yalnız fiziki məhv etməklə kifayətlənməyib, eyni zamanda azərbaycanlıların mülkiyyətinə, maddi və mədəni irsinə də ciddi ziyan vurmuşdular”.
Millət vəkili deyib ki, mart qırğınlarının nəticələri son dərəcə ağır olmuşdur: “İlk növbədə, Azərbaycan xalqı ciddi sosial, psixoloji və iqtisadi travmalarla üzləşmişdir. Həmin dövrdə qaçqın düşən və öz evlərindən, torpaqlarından didərgin düşən minlərlə insan, uzun müddət ərzində yeni həyat şəraiti qurmaqda çətinlik çəkmişdir. İkinci dünya müharibəsinə qədər olan dövr ərzində bu hadisələrin yaratdığı dərdlər, xalqın kollektiv yaddaşında silinməz izlər buraxmışdır. Qırğınların bir digər mühüm nəticəsi, həmin dövrdə etnik və dini əlaqələrin gərginləşməsi, Azərbaycanın sosial strukturunda böyük dəyişikliklərin baş verməsi olmuşdur. Son nəticədə, 1918-ci ilin mart-aprel qırğınları yalnız Azərbaycanın deyil, ümumilikdə Güney Qafqazın tarixində də çox ciddi və acı nəticələrə yol açmışdır. Bu qırğınlar, Azərbaycan xalqının milli müstəqillik və azadlıq uğrunda mübarizəsini daha da gücləndirmiş, onun daxili potensialının səfərbər olunması və siyasi iradəsinin güclənməsi üçün ciddi zəmin yaratmışdır”.
“Əminliklə demək olar ki, bu qırğınlar təkcə etnik təmizləmə siyasətinin nəticəsi deyil, həm də xalqımızın milli kimliyinə və müstəqillik arzusuna qarşı törədilmiş bir cinayət idi. Bununla yanaşı erməni millətçiləri, o cümlədən erməni daşnak təşkilatları, xüsusən “Daşnaksutyun”, ona yaxın digər radikal qruplar və bu qüvvələrə dəstək verən xarici siyasi güclər tərəfindən törədilən həmin qırğınlar həm də Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmək məqsədilə başladılan böyük bir terror kampaniyasının tərkib hissəsi idi” deyə A.Allahverənov əlavə edib.
Millət vəkili onu da vurğulayıb ki, bu gün Azərbaycan dövləti bu tarixi ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması, soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün mühüm işlər görür: “31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və bu faciənin beynəlxalq səviyyədə tanınması üçün səylər davam etdirilir. Tarixi faktların dünya ictimaiyyətinə düzgün çatdırılması, saxta erməni təbliğatının ifşası və ədalətin bərqərar olması hər bir azərbaycanlının ümdə vəzifəsi, Ulu Öndər Heydər Əliyev dediyi kimi, “soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik”.
İlk şərhi yaza bilərsiniz