Azərbaycan xalqı mənfur qonşularımız tərəfindən həyata keçirilən bəşəri cinayətləri, o cümlədən 1918-ci ilin mart soyqırımını unutmur
BAYRAQDAR MEDİA – Radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə azərbaycanlının etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. Azərbaycan xalqı hər il olduğu kimi bu il də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi
Tarixdən də bəlli olduğu kimi azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Bakı Sovetinin 6 min və “Daşnaksutyun” partiyasının 4 min silahlı əsgəri tərəfindən planlı şəkildə “əksinqilabçılarla mübarizə” adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Təbii ki, Azərbaycan xalqı mənfur qonşularımız tərəfindən həyata keçirilən bəşəri cinayətləri, o cümlədən 1918-ci ilin mart soyqırımını unutmur. Həmçinin bu cinayətlərlə bağlı tarixi faktların Azərbaycanın gələcək idarəçiləri olan uşaq və gənclərə, həmçinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işləri də davam etdirilir. Heç şübhəsiz dövlət tərəfindən həyata keçirilən bu işlərə ictimai sektor da öz dəstəyini göstərməlidir. Bu baxımdan qeyri-hökumət təşkilatları tərəfindən atılan addımlar xüsusilə önəm kəsb edir.

Elə Azərbaycan Milli QHT Forumu və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə reallaşan səfər zamanı da bu məqam xüsusi olaraq vurğulandı. Məlumat üçün bildirək ki, 1918-ci il mart soyqırımının 107-ci ili ilə əlaqədar mərkəzi və Quba QHT-lərinin Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlığı həyta keçirildi.

Tanışlıqdan öncə Ulu Öndər Heydər Əliyevin Qubadakı abidəsini ziyarət edən QHT təmsilçiləri, abidə önünə gül dəstələri düzdülər.

Tanışlıq zamanı 31 mart qırğınları barədə muzey əməkdaşları tərəfindən müfəssəl məlumat verildi. Həmçinin, Soyqırımı Memorial Kompleksinin muzey hissəsində Əməkdar rəssam Adil Şıxəliyevin əsərlərindən ibarət “Mələklərin fəryadı” adlı qobelen sərgisi, Memorial kompleksə daxil olan Kitabxana və çap materialları ilə tanıışlıq oldu.
Daha sonra isə “Yaddaşlardan silinməyəcək 31 Mart Soyqırımı” adlı tədbir keçirildi.

Azərbaycan Milli QHT Forumunun nümayəndələri, şəhid ailələri və Kompleksin əməkdaşlarının iştirak etdiyi tədbirdə öncə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Sonra azərbaycanlılara qarşı törədilmiş soyqırımları özündə əks etdirən videofilm nümayiş olundu.
Azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək məzarlıqda
basdırılıb
Tədbirdə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında erməni daşnakları tərəfindən törədilmiş soyqırımı, etnik təmizləmə siyasəti haqqında məlumat verərək bildirmişdir ki, soyqırımı təkcə bir millətə qarşı olan cinayət deyil, bəşəri bir cinayətdir.

Çıxışda Memorial Kompleksin yaranma tarixi barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib: “2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib”.

Mehriban Əliyeva bildirdi ki, tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb: “Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb”.
Quba Soyqırımı Memorial Kompleksindən QHT-lərə birgə əməkdalıq çağırışı
Direktor müavini dedi ki, ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub: “Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – onların da mənfur adları orada göstərilir, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”. Hesab edirik ki, Azərbaycanın ictimai sektoru, o cümlədən QHT-lər 1918-ci il mart soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha da fəal olmalıdırlar. Mən bu görüşdən istifadə edib QHT sektoruna müraciət edir və QHT-ləri bu istiqamətdə birgə əməkdalığa səsləyirəm”.
Günahkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylər davam etdirilir
Daha sonra çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli 1918-ci ildə ermənilər tərəfindən törədilən cinayətlərin dünya ictimaiyyətinə daha geniş şəkildə çatıdırılması üçün dövlət tərəfindən həyata keçirilən siyasət barədə danışdı.

O, qeyd etdi ki, müstəqilliyin bərpasından və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci iləd baş verənlər bəşəri cinayətlərə siyasi qiymət verilib: “Həmçinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylər davam etdirilir. Bu sahədə Azərbaycan dövləti davamlı və uğurlu addımlar atır”.
1918-ci ilin mart soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə QHT-lər tərəfindən tanıdılması istiqamətində əməkdaşlıq vacibdir
“Lakin mən də hesab edirəm ki, 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırım aktları ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə QHT-lər tərəfindən tanıdılması istiqamətində əməkdaşlıq vacibdir. Bu istiqamətdə Azərbaycan Milli QHT Forumu ilə Quba Soyqırımı Memorial Kompleksi arasında gələcəkdə sıx əməkdaşlıq uğurlu nəticələrə yol aça bilər” deyə, R.İsgəndərli əlavə etdi.

Daha sonra çıxış edən QHT təmsilçiləri mövzu ətrafında təklif və fikirlərini səsləndirdilər.
İlk şərhi yaza bilərsiniz