İkinci Türk İnteqrasiya Olimpiadasının finalçıları Doğu Akdeniz Universiteti və Turan Universitetində təqaüd imkanları, ödənişsiz təhsil şansı əldə edəcəklər
BAYRAQDAR MEDİA – “2025-ci il 3 may tarixində Bakıda final mərhələsi keçiriləcək II Türk İnteqrasiya Olimpiadası (TİO), Türk xalqları arasında əməkdaşlığın gücləndirilməsi yolunda atılan mühüm bir addımdır. TIO-da iştirak edəcək şagirdlər, “Dildə, fikirdə, işdə birlik” şüarını yaşadaraq, Türk xalqlarının ortaq elmi, mədəniyyəti və tarixi haqqında biliklərini nümayiş etdirəcəklər”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Olimpiadaya hazırlıq üzrə Təşkilat Komitəsindən məlumat verilib.
Məlumatda vurğulanıb ki, bu il Olimpiadanın finalçıları üçün daha geniş və gözəl imkanlar yaranacaq: “Belə ki, Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçiriləcək bu bilik yarışının iştirakçıları Şimali Kipr Türk Respublikası və Qazaxıstan universitetlərindən tam təqaüd qazanmaq imkanı qazanacaqlar”.
Təşkilat Komitəsinin məlumatında o da qeyd edilib ki, final mərhələsində iştirak edən, Türk dünyasının müxtəlif bölgələrindən olan şagirdlər arasında ən yüksək bal toplayan 3 nəfər, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti və Qazaxıstan Respublikası Turan Universitetində 100 faiz ödənişsiz təhsil almaq hüququ qazanacaq: “Digər qaliblər isə müvafiq olaraq 75 faiz və 50 faiz təqaüd şansı ilə ödülləndiriləcəklər”.
Yeri gəlmişkən, II Türk İnteqrasiya Olimpiadasında iştirak üçün heç bir ödəniş tələb olunmur: “Olimpiada təşkilatçıların və tərəfdaşların dəstəyi ilə bu tədbir həyata keçirilir”.
Qeyd edək ki, Olimpiadanın təşkilatçıları arasında Hədəf Şirkətlər Qrupu, TÜRKSOY, Qazaxıstan Turan Universiteti, Doğu Akdeniz Universiteti, Azərbaycan Atatürk Mərkəzi və digər önəmli qurumlar yer alır. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) isə Olimpiadaya informaisya dəstəyi verən qurumlar arasındadır.
Olimpiada haqqında ətraflı məlumat üçün www.tio.edu.az rəsmi saytına müraciət edə və ya +994-77-220-03-02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
İlk şərhi yaza bilərsiniz