Yaxud Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi sözün əsl mənasında türklük bayramı kimi yadda qaldı
BAYRAQDAR MEDİA – Bu, danılmaz bir həqiqətdir ki, son illər türk dünyasının daha dərin inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Özü də bu addımlar bütün sahələrdə öz müsbət nəticəsini göstərir. Təbii ki, istənilən bir əlaqə, əməkdaşlıq, inteqrasiya o zaman güclü olur ki, onun humanitar, mədəni, siyasi tərəfi ilə yanaşı iqtisadi tərəfi də təmin olunsun.

Bu baxımdan Bakıdakı Türk Ticarət Mərkəzinin fəaliyyətini xüsusi qeyd edə bilərik. Çünki bu Mərkəz yuxarıda qeyd edilən hər üç məqamı özündə birləşdirir. Elə martın 25-də Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Türk Ticarət Mərkəzində keçirilən Novruza həsr olunmuş bayram tədbiri də bu baxımdan diqqət mərkəzində oldu.
Bu, Böyük Turana gedən yolda türk dövlətlərinin daha inamlı addımlar atdığını növbəti dəfə təsdiqlədi
Tədbir barədə geniş məlumata keçməzdən öncə bildirək ki, bu, sözün əsl mənasında türklük bayramı kimi yadda qaldı. Bu, bir daha Novruzun türk dünyasının ən sevimli bayramı olduğunu təsdiq etməklə yanaşı, Böyük Turana gedən yolda türk dövlətlərinin daha inamlı addımlar atdığını növbəti dəfə təsdiqlədi. Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgünün də bəyan etdiyi kimi bu cür tədbirlər bizim “Dildə, fikirdə, işdə birlik” çağırışına sadiq qaldığımızı bir daha təsdiq edir.

Məlumat üçün bildirək ki, əvvəlindən sonuna qədər türk ruhunun, Turan ruhunun hakim kəsildiyi bayram tədbiri çərçivəsində Qazaxıstan Respublikasının əməkdar mədəniyyət xadimi, tanınmış skripka ustası Jamilya Serkebayeva və “Elim ay” uşaq vokal qrupunun konserti də təqdim edildi. Qazaxıstanın və digər türk xalqalrının musiqilərinin təqdim edilməsi isə tədbirə əlavə rəng qatdı.
Beləliklə, Qazaxıstanın, Qırğızıstanın və Türkiyənin Azərbaycandakı səfirlərinin, yaradıcı ziyalılar, ictimai xadimlər, qazax diasporasının nümayəndələri və tələbələrin, media təmsilçilərinin, o cümlədən Bakı sakinlərinin iştirak etdiyi tədbirin açılışı diplomatların çıxışları ilə yadda qaldı.
Alim Bayel: Bu bayramı bütün türk dünyası qeyd edir
Çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öncə qonaqları Novruz bayramı münasibətilə təbrik etdi: “Novruz bizim ortaq bayramımızdır. Bu bayramı bütün türk dünyası qeyd edir. Biz də səfirlik olaraq bu bayramı heç olmasa kiçik bir formatda da olsa qeyd etməyə bilməzdik. Buna görə də qərara gəldik ki, belə bir mədəni tədbir təşkil edək”.

Alim Bayel çıxşışında türk dünyasının qardaş xalqları arasında siyasi, iqtisadi, ticarət və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğuladı.
Səfir bəyan etdi ki, bu kontekstdə Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələri nümunə təşkil edir: “Azərbaycanla Qazaxıstan arasında qardaşlıq əlaqələri, əməkdaşlıq ötən hər gün daha da inkişaf edir. Bu əməkdaşlıq digər ölkələr üçün də nümunə təşkil edir”.
Birol Akgün: Bu cür mədəni tədbirlər türk dövlətləri arasındakı birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verir
Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün öncə hər kəsi Novruz bayramı və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdi.

Səfir çıxışında bu cür mədəni tədbirlərin türk dövlətləri arasındakı birliyin daha da möhkəmlənməsinə töhfəsini yüksək qiymətləndirdi.

Çıxışına davam edən qardaş ölkənin səfiri bildirdi ki, hər bir inkişafda siyasi və mədəni əlaqələrin dərinləşməsi ilə yanaşı iqtisadi-ticari əlaqələr də mühüm rol oynayır: “Bu baxımdan hesab edirəm ki, Yılmaz Okuklunun rəhbərlik etdiyi Türk Ticarət Mərkəzinin üzərinə mühüm vəzifələr düşür. Mən burada İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şuarını xatırlatmaq istəyirəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, biz dahi şəxsiyyətin həmin çağırışını, fikirini reallaşdırırıq. Baxın, bu gün burda biz eyni dildə danışırıq. İkincisi, biz fikirdə birliyin nəticəsi olaraq Türk Dövlətləri Təşkilatının yaratmışıq. İqtisadi və ticarət əlaqələrimizin də dərinləşməsi istiqamətində önəmli addımlar atılır ki, bu da işdə birliyin reallaşmasının təsdiqidir”.
Maksat Mamıtkanov: Türk dünyasının bayramı olan Novruz münasibətilə hər kəsi təbrik edir, türk xalqlarına rifah arzulayıram
Qırğızıstanın diplomatik nümayəndəliyinin rəhbəri Maksat Mamıtkanov isə öncə birgə bayramın təşkilinə görə təşəkkür etdi: “Mən fürsətdən istifadə edib Novruz bayramı münasibətilə belə gözəl bayramın təşkilatçılarına minnətdarlıq edirəm. Eyni zamanda türk dünyasının bayramı olan Novruz münasibətilə hər kəsi təbrik edir, türk xalqlarına rifah arzulayıram”.

Türk dövlətləri arasındakı əlaqələrin ötən hər gün ərzində daha da dərinləşdiyini deyən səfir, bunun məmnunluq doğurduğunu vurğuladı.

Belə bir əminlik ifadə olundu ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin Novruz bayramı münasibətilə təşkil etdiyi bu gecə də türk dünyası, Turan üçün yaddaqalan bir tədbir kimi uzun zaman unudulmayacaq.
Yılmaz Okuklu: Bu gün türk dünyasının iqtisadi və ticarət baxımından qəlbi Bakıda döyünür
Çıxışlardan sonra Türk Ticarət Mərkəzinin fəaliyyətindən bəhs edən videotəqdimat oldu.

Həmin videotəqidmatda “Okuklu Holdinq”in direktoru və Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu bəyan etdi ki, bu gün türk dünyasının iqtisadi və ticarət baxımından qəlbi Bakıda döyünür: “Mən bunu çəkinmədən bəyan edirəm. Çünki bizim təşəbbüsümüzlə və öncüllüyümüzdə yaradılan Türk Ticarət Mərkəzi belə bir mühüm vəzifənin öhdəsində layiqincə gəlmək üçün var gücü ilə çalışır”.

Videotəqdimatda belə bir əminlik də ifadə olundu ki, Azərbaycan Orta Asiya ilə Türkiyə arasında etibarlı körpü olduğu kimi Türk Ticarət Mərkəzi də türk dünyasının iqtisadi əməkdaşlığı üçün etibarlı məkan olacaq.
Konsert proqramında “Naurız duman”, “Koroğlu”, “Sulu kız”, “Altyn besik”, “Aday” və digər musiqi əsərlər səsləndi.
Tədbirin sonunda Yılmaz Okuklu və Bakının biznes icması adından iftar süfrəsi təşkil olundu.
İlk şərhi yaza bilərsiniz