Son yeniləmə: 28 Mart 2025
Prof. Dr. Birol Akgün: Bu istiqamətdə Türk Ticarət Mərkəzinin üzərinə mühüm vəzifələr düşür
BAYRAQDAR MEDİA – “Bu gün türk dünyası özünün şahlanış dövrünü yaşayır. Türk dünyası getdikcə daha da dərindən inteqrasiya edir. Türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqlar inkişaf edir”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün Novruz bayramı münasibətilə Türk Ticarət Mərkəzində keçirilən tədbirin açılışındakı çıxışında deyib.
Xatırladaq ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən musiqili gecənin ifaçı qonaqları Qazaxıstanın “Elim Ay” uşaq xoru və qardaş ölkənin Xalq artisti Jamilya Serkebayeva olub.
Çıxışına davam edən qardaş ölkənin səfiri bildirib ki, hər bir inkişafda siyasi və mədəni əlaqələrin dərinləşməsi ilə yanaşı iqtisadi-ticari əlaqələr də mühüm rol oynayır: “Bu baxımdan hesab edirəm ki, Yılmaz Okuklunun rəhbərlik etdiyi Türk Ticarət Mərkəzinin üzərinə mühüm vəzifələr düşür. Şübhə etmirəm ki, Türk Ticarət Mərkəzi türk dünyasının iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından mühüm rol oynayacaq”.
Çıxışı zamanı türk dünyasında birlik fikrinin atası İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarını xatırladan Prof. Dr. Birol Akgün daha sonra aşağıdakıları bildirib: “Mən burada İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şuarını xatırlatmaq istəyirəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, biz dahi şəxsiyyətin həmin çağırışını, fikirini reallaşdırırıq. Baxın, bu gün burda biz eyni dildə danışırıq. İkincisi, biz fikirdə birliyin nəticəsi olaraq Türk Dövlətləri Təşkilatının yaratmışıq. İqtisadi və ticarət əlaqələrimizin də dərinləşməsi istiqamətində önəmli addımlar atılır ki, bu da işdə birliyin reallaşmasının təsdiqidir”.
İlk şərhi yaza bilərsiniz