Press "Enter" to skip to content

“Bizə inanın və fəaliyyətimizə dəstək verin”

Şəkildə sağdan birinci Yılmaz Okukludur

Yılmaz Okuklu: Azərbaycan Orta Asiya ilə Türkiyə arasında etibarlı körpü olduğu kimi Türk Ticarət Mərkəzi də türk dünyasının iqtisadi əməkdaşlığı üçün etibarlı məkan olacaq

BAYRAQDAR MEDİA – “Bu gün türk dünyasının iqtisadi və ticarət baxımından qəlbi Bakıda döyünür. Mən bunu çəkinmədən bəyan edirəm. Çünki bizim təşəbbüsümüzlə və öncüllüyümüzdə yaradılan Türk Ticarət Mərkəzi belə bir mühüm vəzifənin öhdəsində layiqincə gəlmək üçün var gücü ilə çalışır”.

Bunu “Okuklu Holdinq”in direktoru və Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu deyib.

Yılmaz Okuklu və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel
Yılmaz Okuklu və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel

Novruz bayramı münasibəti ilə Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Türk Ticarət Mərkəzində keçirilən tədbir çərçivəsində BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən Y.Okuklu qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən Türk Ticarət Mərkəzi sözün əsl mənasında türk dünyasının ticarət mərkəzinə çevrilir: “Artıq Türk Ticarət Mərkəzindəki Türk Obasında Türkiyə, Qazaxıstan və Qırğızıstanın ticarət obaları yaradılıb. Bu obalarda son tamamlanma işləri gedir. Hesab edirik ki, tezliklə Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrin də ticarət obaları yaradılacaq. Bu istiqamətdə davamlı işlər görürük. Ümumiyyətlə, mən yaranmış şəraitdən istifadə edərək bütün türk dünyasına əmin şəkildə bir şeyi bəyan etmək istəyirəm – Azərbaycan Orta Asiya ilə Türkiyə arasında etibarlı körpü olduğu kimi Türk Ticarət Mərkəzi də türk dünyasının iqtisadi əməkdaşlığı üçün etibarlı məkan olacaq. Ona görə də bizə inanın və birlikdə daha çox addım atılması, iqtisadi-ticarət əlaqələrinin daha da dərinləşməsi üçün fəaliyyətimizə dəstək verin”.

Yılmza Okuklu Qazaxıstandan olan sənətçilərlə
Yılmza Okuklu Qazaxıstandan olan sənətçilərlə

 

Məlumat üçün bildirək ki, Bakıda Türk Ticarət Mərkəzinin açılışı 2024-cü il dekabrın 5-də olub. Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklərdən ibarət restoranlar var. Türk Ticarət Mərkəzinin əsas məqsədlərindən biri Türkiyədən və digər türk dövlətlərindən gələn iş adamlarına rahat fəaliyyət göstərmələri üçün imkanlar təqdim etməkdir.

Qırğızıstanın Ticarət Obası ilə tanışlıq
Qırğızıstanın Ticarət Obası ilə tanışlıq

Açılış mərasimində bəyan edildiyinə uyğun olaraq artıq Türk Ticarət Mərkəzində türk dövlətləri üçün Türk Obası da istifadəyə verilib. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək. Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətində istifadəyə verilməsi nəzərdə tutulub.

Türk Ticarət Mərkəzi, həmçinin türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı da təqdim edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.