Fazil Mustafa: Evsahibliyi etdiyimiz beynəlxalq tədbirlər Azərbaycanın regional və qlobal proseslərdəki rolunu möhkəmləndirir
BAYRAQDAR MEDİA – “Dünyanın mühüm problemlərinin həlli ilə bağlı müzakirələrin ölkəmizdə keçirilməsini müsbət qiymətləndirirəm. İqlim problemlərinə həsr olunan böyük miqyaslı “COP-29” tədbirinin uğurla sona çatmasından sonra bu dəfə çağdaş dünyanın artan problemlərinin həlli yollarının müzakirə olunduğu ilə Azərbaycan dünyanın yenə diqqət mərkəzində oldu. XII Qlobal Bakı Forumunda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”ni müzakirə edildi”.
Bunu açıqlamasında BQP başqanı, Milli Məclisin Komitə sədri Fazil Mustafa deyib.
O, qeyd edib ki, böyük miqyaslı bu cür beynəlxalq tədbirlərin keçirilməsi, bir tərəfdən Azərbaycanın təbliğ olunmasına, dünya gündəmində yer almasına, nüfuzunun artırılmasına müsbət təsir edir: “Digər tərəfdən də haqlı mövqeyimizin, qarşılaşdığımız problemlərin tanıdılması, eləcə də iqtisadiyyatımızın müxtəlif sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlarımız haqqında məlumatların diqqətə çatdırılması baxımından önəmli fürsət rolunu oynayır”.
F.Mustafanın sözlərinə görə, Bakı Qlobal Forumu həm də Azərbaycanın münaqişələrin həlli və regional sabitliyin təmin olunması istiqamətində atdığı addımları dünyaya tanıtmaq üçün də bir fürsət idi: “Xəzər regionunun enerji resurslarının qlobal bazarlara inteqrasiyası, Avropanın enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid mövzularında forumlar vacib dialoq mühiti yaradır. Azərbaycan, xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüslərini təqdim etmək üçün bu platformadan aktiv istifadə edir. Necə ki, dünyanın 50 dən çox keçmiş, eləcə də fəaliyyətdə olan dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə dövlət başçısının çıxışında bu məsələlərə xüsusi diqqət yetirildi. Ölkə başçısı torpaqlarımızın işğalını əbədiləşdirmək istəyən beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının ədalətsiz yanaşmasına toxunmaqla Azərbaycanın razılığı alınmadan Avropa İttifaqının dırnaqarası Avropa monitorinq missiyasının gecə-gündüz casus kimi sərhədlərimizdə dayandığını bildirməklə öz etirazını bir daha yüksək səslə dilə gətirdi”.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışı Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyinin ifadəsi olmaqla yanaşı, həm də beynəlxalq münasibətlərin reallıqlarını və müasir geosiyasi dinamikaları konkret təsviri idi: “Bir sözlə, ölkəmizin beynəlxalq arenada nüfuzunu gücləndirən mühüm diplomatik tədbirlərdən birinə çevrilən Bakı Qlobal Forumu vasitəsilə Azərbaycan beynəlxalq aktorlar arasında dialoqun qurulmasında mühüm vasitəçi kimi çıxış etməklə regional və qlobal proseslərdəki rolunu möhkəmləndirir”.
İlk şərhi yaza bilərsiniz