Yaxud qlobalistlər tərəfindən özəlləşdirilən CHP-nin xilası Mansur Yavaşın namizədliyindən keçir
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə artıq bir neçə gündür ki, xoşagəlməz hadisələr baş verir, etiraz aksiyaları keçirilir. Hər hansı etiraz aksiyasının keçirilməsi normal qəbul edilsə də İstanbulda və digər yerlərdə “Ekrem İmamoğlu olayı” ilə bağlı keçirilən aksiyalar zamanı siyasi niyyətdən daha çox dağıdıcılıq niyyəti müşahidə edlir. Bu isə qardaş ölkə ilə yanaşı bizi – türk dünyasının gələcəyini düşünən hər bir Azərbaycan vətəndaşını ciddi surətdə narahat edir. Niyəsi də bəllidir…
Hazırda qlobal müstəvidə gedən proseslər və bu proseslərdə Türkiyənin aktiv rol oynamasının vacib olduğunu nəzərə alsaq, o zaman daxildə itirilən bir saniyə nədir, hətta saniyənin yüzdə birinin də dəyəri ödənilməzdir.
Bizə sabit və güclü Türkiyə lazımdır!
Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, yeni dünya düzəni formalaşır və bu dünya düzənində də Türk Dövlətləri Təşkilatı (TDT) qlobal aktor kimi önə çıxmalı, əsas söz sahiblərindən biri olmalıdır. Bunun üçün isə TDT-nin aparıcı aktorlarından biri olan Türkiyənin güclü olması vacibdir.
Bir sözlə;
Yeni formalaşmaqda olan dünya düzənində türk dünyası olaraq layiqli yerimizi tutmaq üçün bizə sabit və güclü Türkiyə lazımdır!
Böyük Turana, Qızıl Almaya çatmaq üçün bizə sabit və güclü Türkiyə lazımdır!

Ermənistanın işğalçılıq siyasətinə bundan sonra da qardaş ölkədə heç zaman haqq qazandırılmaması üçün bizə sabit və güclü Türkiyə lazımdır!
Zəngəzur arzumuzun reallaşması üçün bizə sabit və güclü Türkiyə lazımdır!
Adı ilə deyil, əməli ilə imanlı olanların əməllərinin yaşaması üçün bizə sabit və güclü Türkiyə lazımdır!
Erməniyə “qardaş” deyənlərin hakimiyyətə yiyələnməməsi üçün bizə sabit və güclü Türkiyə lazımdır!
“Bir millət – iki dövlət” fəlsəfəsinin yaşaması üçün bizə sabit və güclü Türkiyə lazımdır!
Türkiyəli bacı-qardaşlarımızın İraq, Suriya vətəndaşları kimi vətənsiz, yurdsuz qalmaması üçün bizə sabit və güclü Türkiyə lazımdır!
Yəni əgər qardaş Türkiyədə sabitlik pozularsa, o zaman Türk Dövlətləri Təşkilatının bütün planları, o cümlədən Turana, Qızıl Almaya gedən yolumuz yarımçıq qalmış olacaq! Bizlər isə bunu istəmirik!
Bu, Türkiyəyə, türkçülüyə və böyük Turana dəstək yazısı kimi qəbul edilməlidir
Bu yazımızı Türkiyədəki bəzi arxadaşlar, Azərbaycandakı bəzi dostlar, bacı və qardaşlar heç də Recep Tayyip Erdoğana dəstək kimi dəyərləndirməsinlər. Hesab edirəm ki, R.T.Erdoğanın rəhbərlik etdiyi AK Parti və Türkiyə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycana verdikləri dəstəyə görə tarix boyu minnətdarlıq qazanacaqlar. Amma onu da düşünürəm ki, bizlər – şəxsən mən də daxil olmaqla böyük bir qisim azərbaycanlılar Türkiyədə keçirilən son parlament və prezident seçkilərində çağırışlarımızla R.T.Erdoğana və AK Partiyə, necə deyərlər, öz vəfa borcumuzu vermişik. Ona görə də qələmə aldığım bu yazı R.T.Erdoğana, yaxud AK Partiyə dəstək yazısı deyil. Bu, Türkiyəyə, türkçülüyə və böyük Turana dəstək yazısıdır.
Digər tərəfdən bəzi türk arxadaşlarımız, o cümlədən azərbaycanlı dostlarımız məni anti-CHP düşərgəsinin təmsilçisi kimi də qəbul etməsinlər. Mənim Türkiyədəki bütün milli partiyalara, o cümlədən əsl CHP – Atatürkün CHP-sinə, türk dünyasının sabahını düşünmək üçün özündə yenidən güc tapacağına inamım böyük olan CHP-yə hörmətim var. Və buna sübut olaraq hələ ötən ilin mayında yazdığım “ÖZGÜRləşən CHP üzünü yenidən türk dünyasına tutur” adlı yazımın keçidini yuxarıda əlavə edirəm. Həmin yazıda Özgür Özelin genel başqan seçilməsindən sonra Özgürləşməkdə olan CHP-də atılan müsbət addımların başında yenidən türk dünyasına dönüşün dayandığı qeyd edilmişdi.
Özgür Özelin türk dünyasının bayramı olan Novruzu yalnız kürdlərin bayramı kimi təqdim edəcək bir duruma düşməsi bizi ikiqat üzür
Lakin təəssüflər olsun ki, bu gün biz özgürləşən deyil, qlobalistlər tərəfindən özəlləşdirilən CHP-nin şahidi oluruq. Ö.Özelin partiyadaxili hakimiyyətə gələndən sonra atdığı türk dünyasına yönəlik addımların əksinə olaraq bu gün CHP-nin terrorçulara bu və digər formada simpatiyası olan şəxs və qruplar, o cümlədən türk milli kimliyinə düşmən kəsilən qlobalistlər tərəfindən özəlləşdirildiyini görürük.

Bu isə içimizi ağrıdır. Atatürkün partiyasının mövcud genel başqanının PKK bayrağına paçavra deyən Mansur Yavaşın sözlərinə görə dərhal üzrxahlıq etməsi və türk dünyasının bayramı olan Novruzu yalnız kürdlərin bayramı kimi təqdim edəcək bir duruma düşməsi isə bizi ikiqat üzür.
Çünki biz Atatürkün partiyası olan CHP-nin gerçəkdən milli kimliyə, türkçülüyə xidmət etməsini və sözün əsl mənasında Türkiyənin sabahına sahiblənəcək bir partiya kimi öndə olmaq üçün özündə güc tapmasını arzulayırıq.
Özgür Özel Mustafa Kemal Atatürkün zamanında “Nevruz – Ergenekon” bayramının qeyd edildiyini bilmirsə…
Özgür Özelin Novruzu kürdlərin bayramı kimi təqdim etməsinə Azərbaycandakı bəzi bacı-qardaşlarımızın “Novruzu Türkiyədə kürdlər qeyd edib həmişə, ona görə də kürdlərin bayramı kimi qəbul olunur” şəklində haqq qazandırmağa cəhd etmələrinə gəlincə, onlara verdiyim cavabı bura yenidən yazıram: “Özgür Özel qocaman bir partiyanın rəhbəridir və Novruzun türk dünyasına aid oldugunu, dahi Mustafa Kemal Atatürkün zamanında “Nevruz – Ergenekon” bayramının qeyd edildiyini bilmirsə, günah yenə Erdoğandadır? Yaxud ermənilər də gecə-gündüz “Sarı gəlin” mahnısını oxuyurlar, onda sizin yanasmanızla bu mahnını da onlara verməliyik? Qlobalizm budur?!”
Mustafa Kemal Atatürkün zamanında Novruz bayramının qeyd edilməsinə gəlincə, xatırladaq ki, o zaman sovet Azərbaycanına rəhbərlik edən Nəriman Nərimanov bayram münasibətilə dahi Atatürkə təbrik məktubu göndərib. Bu, tarixi faktdır. Məsələn, Akif Turalın “Millî Mücadele ve Atatürk Devrinde Nevruz Kutlamaları” adlı məqaləsində oxuyuruq: “1921 yılında Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti Hükümet başkanı Neriman Nerimanov Mustafa Kemal Paşa’ya Nevruz bayramını kutladığını belirten bir telgraf gönderir. Telgraf şöyle: “Cenubi Kafkasya komiseri Azerbaycan serbest harbiye mektebi talebeleri iki bölüklü süvari askerleri ve Şuşa muhafız taburu askerleri ve topçuları, nişancı Türk alayı askerleri Türk milletinin büyük Nevruz bayramını tebrik ediyor”.
Məqalədə daha sonra deyilir: “Yine o günün gazeteleri, 1921 yılı, 21 Mart günü, halkın, öğrencilerin sokaklara, Ankara’nın belirli çayırlıklarına, meydan yerlerine toplandıklarını, orada bir merasim tarzında bayramı kutladıklarını söylüyor. Ama Yunanlıların taarruza geçmesinden dolayı, bayramın devletin üst yöneticilerinin de katıldığı bir coşku içinde kutlanamadığını görüyoruz. 1922 yılında, Sakarya Zaferi’nden hemen sonra, ordunun derlenip toparlanmasının son hazırlıkları yapılmaktadır. Mustafa Kemal Paşa cepheye 4 Mart günü gider, durumu yerinde inceler, son hazırlıkları gözden geçirir, 10 Mart günü bütün okullara görevler verilir. Millî bir bayram olarak Nevruz en üst seviyede kutlanacaktır. 1922 yılında, 23 Mart Çarşamba günü, Meclisin önünde ve Taşhan Meydanı’nda merasim yapıldığı, Ankara’da Ergenekon günü kutlandı. Meclis önünde geçit töreni yapıldı”.
Ümid edirik ki, həmin yazının tamamını sayın Özgür Özel buradan oxuyar, həmçinin videoya baxar və yəqin ki, o zaman yanlış yapdığını anlayar.
Qlobalistlər CHP-də küncə sıxılmış milliyətçilərə qarşı operasyon yapdılar
Bütün bunları sadaladıqdan sonra gəlirəm “İmamoğlu məsələsi”nə. Kimsə inciməsin, əslində bu, CHP-nin CHP-yə qarşı, türk qardaşlarımızn təbirincə desək, operasyonudur. Əgər Kemal Kılıçdaroğlu vaxtilə cümhurbaşqanı olmaq hırsından geri dönməyib, CHP-ni məğlub durma saldısa, eyni addımı bu gün CHP-dəki qlobalistlər atdılar.

Yəni E.İmamoğlunun “nə olursa-olsun, mən cümhurbaşqanı olmalıyam” hırsı və İstanbul Böyükşəhər Bələdiyyəsinə yaxın əyalət bələdiyyələri – Beykoz, Beşiktaş bələdiyyələrində aparılan korrupsiya yoxlamalarının bir ucunun ona uzanacağını, bu zaman isə korrupsiya məsələləri ilə bağlı hüquq qarşısında cavab verməli olacağını yaxşı bildiyi üçün həmin prosesi siyasiləşdirmək planı Atatürkçülərin CHP-sini qlobalistlərin CHP-si qarşısında məğlub duruma saldı. Bu gün CHP-ni tam olaraq ələ keçirən qlobalistlər partiyada küncə sıxılmış milli cəbhəyə və onun lideri Mansur Yavaşa qarşı operasyon yapdılar. Bütün məsələnin kökünü burada axtarmaq lazımdır.
CHP kəndinə qayıtmalıdır
Son olaraq bir daha qeyd edirəm ki, biz Türkiyəli bacı-qardaşlarımızın seçiminə hər zaman hörmətlə yanaşmışıq və bundan sonra da belə olacaq. Sadəcə olaraq onlara, xüsusilə də CHP-də gerçəkdən özünü Atatürkçü hesab edənlərə ürək ağrısı ilə müraciət etmək istərdik.

Əziz bacı-qardaşlarımız, əgər siz hesab edirsinizsə ki, Türkiyə siyasətində qan dəyişməlidir, o zaman seçimi elə edin ki, sonra nəinki siz, bütün Türkiyə və bütün türk dünyası bu seçimin ağrısını yaşamasın. Əgər sizlər israrla “bu günün Türkiyəsinin sabaha inamla addımlaması üçün növbəti cümhurbaşqanı iqtidar deyil, müxalifət cəbhəsindən olmalıdır” deyirsinizsə, o zaman türklüyə zərrə qədər də yaxınlığı olmayan Ekrem İmamoğlunun deyil, məlum “paçavra” olayından və Özgür Özelin üzr çıxışından sonra etdiyi paylaşımda “Aynı şekilde, PKK gibi eli kanlı bir terör örgütüne karşı duruşumuz da nettir; dün ne dediysek bugün de aynı yerdeyiz” yazan milliyətçi və Atatürkçü Mansur Yavaşın arxasınca gedin, onu vahid namizəd edin.
Hazırda CHP daxilində ciddi bir hesablaşma gedir
Əslində bunun üçün imkanlar da var. Söhbət qanuni və mənəvi baxımdan ortaya çıxan imkanlardan gedir. Məsələ burasındadır ki, Beykoz, Beşiktaş və İstanbul Böyükşəhər bələdiyyələrinə qarşı korrupsiya əməliyyatlarından sonra indi bütün diqqətlər yenidən CHP-nin 2023-cü ildə keçirilmiş növbədənkənar qurultayına yönəlib.

Çünki həmin qurultay zamanı üzvlərin rüşvət yolu ilə ələ alınması iddiaları var və buna görə də qurultayın nəticələrinin ləğvi üçün 5 CHP üzvü müraciət edib. Burada vacib bir məqamı da vurğulamaq yerinə düşər ki, istər bələdiyyələrlə, istərsə də qurultayla bağlı rüşvət qalmaqalına dair informasiya məhz partiya daxilindən kənara ötürülüb. Deməli hazırda CHP daxilində ciddi bir hesablaşma da gedir.
Bu hesablaşmanın tam parçalanmaya səbəb olmaması, CHP-nin Atatürkün partiyası kimi yenidən ayaqda durması üçün xilas formulu da məhz Mansur Yavaşın önə çıxmasıdır.
İlk şərhi yaza bilərsiniz