BAYRAQDAR MEDİA – Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimli 20-21 martda Adanada Çukurova Universitetində keçirilən Dünya Poeziya Gününə həsr edilmiş 1-ci Uluslararası Çukurova Poeziya Günləri tədbirində iştirak edib.
Tədbirin açılışında çıxış edən Fənn Ədəbiyyat fakültəsinin dekan müavini Dos. Dr. Bilge Kargagöllü şeirin mədəniyyətləri birləşdirən qüvvə olduğunu vurğulayıb. O, Çukurova Universitetində birincisi gerçəkləşdirilən Dünya Poeziya Gününün şeir dolu könülləri bir araya gətirdiyini, milli ədəbiyyata, Universitetin həyatına, tələbələrin mənəvi tərbiyəsinə ciddi təsiri olacağını qeyd edib. Bilge Kargagöllü tədbirdə iştirak edən şairləri, ədəbiyyatşünas alimləri və şeirsevərləri Dünya Poeziya Günü münasibətilə təbrik edib.
Adana Böyükşəhər Bələdiyyəsi, Çukurova Universiteti və Altın Kozanın əməkdaşlığı ilə bu il ilk dəfə təşkil edilən “Uluslararası Çukurova Poeziya Günləri” tədbirində Kuzey Kıbrıs Türk Cümhuriyyəti Mədəniyyət İdarəsinin müdiri, şair Şirin Zaferyıldızı Zaimağaoğlu çıxış edərək şeirin “qəlbləri yaxşılaşdıran və birləşdirən” güc olduğunu diqqətə çatdırıb. O, “Şeir kimi dünya yaratmaq ümidimizin azaldığı bu günlərdə şeir kimi olun, övladlarınızı şeirlə böyüdün, şeirsiz qalmayın” səslənişi ilə salona müraciət edib və öz şeirlərini oxuyub.
Fənn Ədəbiyyat fakültəsinin dekanı Prof. Dr. Faruk Karadağ ixtisasca fizik olmasına baxmayaraq şeirə sevgisi, söz sənətinə qarşı həssaslığı, eləcə də ədəbiyyatçı kimi mükəmməl nitqi ilə tədbir iştirakçılarında xüsusi rəğbət doğurub. Dekan bu kimi ədəbi tədbirlərin tələbə gənclərin yaddaşında dərin iz buraxacağını, Universitetin elmi və ədəbi-mədəni həyatına töhfələr verəcəyini qeyd edib.
Tədbirin 20 mart Cümə axşamı günü Çukurova Universiteti Konqres Mərkəzində başlayan ilk oturumunda Aşıq Veysələ həsr olunmuş elmi məruzələr dinlənilib, musiqi əsərləri səslənib, xalq sənəti örnəkləri sərgilənib. Eləcə də müxtəlif ölkələrdən tədbirə dəvət edilən şairlərin əsərlərindən ibarət stendlər hazırlanıb, onlar öz stendlərində oxucular üçün kitablarını imzalayıblar.
Poeziya Günlərinin ilk günü bütünlükdə xalq şeirinə həsr edilib. İkinci günündə isə Çukurova Universiteti Mithat Özsan Amfiteatrında ənənəvi və müasir poeziya nümayiş olunub. Müxtəlif ölkələrdən alimlərin, şairlərin, aşıqların iştirak etdiyi tədbirdə bu münasibətlə təşkil edilən “Ənənəvi və müasir poeziya” başlığı altında keçirilən poeziya gecəsində şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Təranə Turan Rəhimli çıxış edib və şeirlərini oxuyub. O, nitqində qeyd edib ki, “gözəllik dünyanı xilas edəcək deyimi var. Mənə görə ən ali gözəllik şeirdir, çünki o insan qəlbinə və ruhuna dərindən təsir edə bilir, könlümüzün ən zərif tellərinə toxunur, şüurları təzələyir. Buna görə də dünyanı şeir xilas edəcək. Ədəbi dostluqlar xalqların dostluğunu möhkəmləndirərək bəşəriyyəti sülh yoluna çıxaracaq. Şeir məhz belə bir gücə malikdir”.
Təranə Turan Rəhimlinin Azərbaycanın 44 günlük Vətən müharibəsinin yaşatdığı zəfər həyəcanı ilə yazdığı, eləcə də türkçülük, turançılıq mövzusunda qələmə aldığı şeirləri dinləyicilərin sevgi və rəğbəti ilə qarşılanıb. Əsrin faciəsi sayılan, Türkiyədə şəhərləri viran qoyan 6 fevral zəlzələsi ilə bağlı “Bu gün onuncu gündür” şeirinin hüzn, kədər dolu misraları isə iki xalqın xeyirdə, şərdə birliyinin, Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi kimi dərin duyğular yaşadıb.
Türkiyəli şair və araşdırmaçı, Prof. Dr. Metin Turan isə “Günümüzdə Anadolu xalq şeiri” mövzusunda məruzəsi, ədəbi söhbətləri və şeirləri ilə tədbirə xüsusi rəng qatıb.
Prof. Dr. Salahaddin Bekki, Prof. Dr. Refiye Okuşluk Şenesen, Dos. Dr. Esra Tarhan, Dos. Dr. İsmail Şenesen, Dos. Dr. Ayhan Karakaş, Dr. Zekiye Çağımlar “Aşıq şeiri ənənənin izində” adlı paneldə maraqlı elmi məruzələrlə çıxış edib.
Aşıq Medeni Karataş və ozan Dertli Polatın deyişmələri salonun gur alqışları ilə qarşılanıb. Aşıq Veysəlin sazını səhnəyə gətirib sevgi və sənət məsuliyyəti ilə dilə gətirən, ifasıyla əlindəki müqəddəs əmanətin haqqını verən Şentürk İyidoğan iştirakçıları heyran edib.
Şair və tərcüməçi Aytekin Karacaçoban bir-birindən dərin fəlsəfi anlamlı şeirləri və fransız dilindən bədii tərcümələri ilə iştirakçıların diqqətini cəlb edib. Fransız şairləri və tərcüməçiləri Sylvain Cavailies, Claire Lajus həm fransızca, həm də türkcə şeirlərini səsləndirib. İstanbul Universitetinjn müəllimi olan Claire Lajus araşdırmaları və pedaqoji fəaliyyəti ilə türk gəncliyinin həyatına təsirini, Sylvian Cavailies isə tərcümələri ilə Türkiyə ədəbi həyatına qatqılarını nəzərə çatdırıb. Hər iki fransız şairin türkcə təmiz, aydın nitqi xüsusi rəğbətlə qarşılanıb.
Tanınmış şairlər Nisa Leyla, Demet Duyuler, Taner Cindoruk, Haydar Ünal, Bilge Karga, Seval Arslan, Duran Aydın, Bahar Faris, Ayfer Karakaş, İlhan Kemal, M.Demirel Bahacanoğlu, Mustafa Özke, Durmuş Ali Özkale, Neslihan Dağlı, Ruhan Mavruk, Hülya Başak Ekmekçi də şeirlərini oxuyub.
Tədbirin sonunda iştirakçılara plaketlər və təşəkkürnamələr təqdim edilib.
Tədbir çərçivəsində Çukurova Universiteti şəhərciyini gəzən, Seyhan su hövzəsinin əsrarəngiz mənzərəsinə heyran qalan iştirakçılar Fənn Ədəbiyyat fakültəsini də ziyarət ediblər. Onlar buradan zəngin kitabxanası olan və maraqlı qədim milli əşyaları ilə muzeyi xatırladan otaqlardan xoş təəssüratlarla ayrılıblar.
Poeziya Günləri qapanış ziyafəti və şəhər gəzintisi ilə başa çatıb. Adanada gerçəkləşən, öz işini uğurla başa çatdıran 1-ci Uluslararası Çukurova Poeziya Günləri iştirakçıların yaddaşında dərin iz buraxıb.
İlk şərhi yaza bilərsiniz