Nadir Azəri: Bu gün Novruzun ilk günü, CASCFEN-in isə təsis olunduğu gündür
BAYRAQDAR MEDİA – “20 mart tarixi Azərbaycanda Novruz bayramının ilk günü qeyd olunur. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin üzvləri üçün isə bu gün ikiqat bayramdır. Çünki bu gün bizim də 22 yaşımız olur. Mən fürsətdən istifadə edib CASCFEN-nin üzvlərini həm Novruz bayramı, həm də təşkilatın 22 yaşının tamam olması münasibətilə təbrik edirəm”.
Bunu CASCFEN-in sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib.
N.Azəri bildirib ki, hər zaman Azərbaycan dövlətinin və xalqının maraqlarını öndə tutan CASCFEN 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib: “Təşkilatın təşəbbüsçüsü və qurucusu həmin dövrdə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru olan Azər Həsrət olub. Təsis konfransında Azərbaycandan bu iki təşkilatla yanaşı Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası, Qırğızıstandan “Jurnalistlər” İctimai Birliyi, Özbəkistandan “Ozod Ovoz” Təşkilatı, həmçinin Söz və İfadə Azadlığı Komitəsi, Tacikistandan Tacikistan Müstəqil KİV-lərinin Milli Assosiasiyası iştirak edib. Sonuncu təşkilatın təmsilçisi üzrlü səbəbdən toplantıya qatıla bilməsə də CASCFEN-in qurucusu kimi öz razılığını bildirib. CASCFEN sonrakı bir il ərzində adı çəkilən coğrafiyanın ən fəal təşkilatlarından birinə çevrilməklə beynəlxalq qurumların diqqətini də cəlb edə bilib”.
N.Azərinin sözlərinə görə CASCFEN-in işinin daha səmərəli qurulması üçün onun yenidən təsis edilməsi qərara alınıb və İctimai Birlik Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində rəsmən təsis edilib: “Bundan sonra təşkilat 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. CASCFEN Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun üzvüdür. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə yaxından əməkdaşlıq edirik. 2003-cü ildən 2017-ci ilə kimi CASCFEN-ə Azər Həsrət sədrlik edib. Lakin o, 2017-ci ildə sədrlikdən könüllü olaraq istefa verib. Bundan sonra yeni İdarə Heyəti və yeni sədr seçilib. İdarə Heyətimizin üzvləri Azərbaycan mediasının və cəmiyyətinin tanınmış şəxsləridir”.
N.Azəri deyib ki, CASCFEN yenidən təsis ediləndən sonra müxtəlif istiqamətləri əhatə edən layihələr reallaşdırıb: “Yeni dönəmə isə yeni strategiya və fəaliyyət planı ilə daxil olmuşuq. Xüsusilə də gənc könüllülərin təşkilatın sıralarına cəlb edilməsi, onların müxtəlif beynəlxalq tədbirlərdə iştirak üçün hazırlanması, o cümlədən müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq haqqında sənədlərin imzalanması istiqamətində mühüm addımlar atmışıq”.
“Onu da qeyd edim ki, CASCFEN yarandığı vaxtdan bir əsas amalı olub – Türklüyə, türk dünyasına xidmət. Ötən 22 ildə bu amala şərəflə xidmət etmişik. Qarşıda isə bizi yeni işlər və daha məsuliyyətli dövr gözləyir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün orta qrant layihəsinin qalibi olan CASCFEN “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəni icra edəcək”, – deyə N.Azəri sonda əlavə edib.
İlk şərhi yaza bilərsiniz