Yaxud QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Prezident İlham Əliyevin “bizim ailəmiz Türk dünyasıdır” çağırışına uyğun olaraq sərgilədiyi fəaliyyətə daha bir tarixi tədbir və səfər əlavə olundu
Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri
Evlәrinin önü yonca,
Yonca qalxmış dam boyunca.
Boyu uzun, beli incә,
Ninnә yarım, ninnә,
Әsmәr yarım, ninnә.
BAYRAQDAR MEDİA – Xatirimdədir, biz uşaq olarkən Azərbaycan radiosunda “Bulaq” verilişi gedərdi və bu bayatını dinləyərdik. Amma o zaman bu bayatının niyə belə yanğılı olduğunu düşünməzdik. Sonralar isə öyrəndik ki, bu Kərkük bayatısıdır.
Onu da anladıq ki, kərküklülərin bayatısındakı bu yanğı, bu həsrət, bu inilti onların da bütün türklərin yaşadığı acı taleni yaşamasıdır. Bəli təkcə Kərkük türkləri deyil, dünyanın müxtəlif yerlərində – Suriyada və İraqın digər ərazilərində olan türklər, yəni türkmənlər zaman-zaman soyğunlara, qarətlərə, soyqırımlarına məruz qalıblar. Bu gün isə dünyanın düzəni dəyişir və elə bir vəziyyətə gəlmişik ki, artıq türkmənlər azərbaycanlı bacı-qardaşları ilə birlikdə ortaq müzakirələr aparır, “gələcəkdə birgə hansı addımları ata bilərik” deyə suallara cavab axtarırr, eyni zamanda Azərbaycandan istəklərini, arzularını dilə gətirirlər.

Təbii ki, bu məsələdə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rolunu və əməyini xüsusilə vurğulamaq yerinə düşər.
Beləliklə, Agentliyin Prezident İlham Əliyevin “bizim ailəmiz Türk dünyasıdır” çağırışına uyğun olaraq sərgilədiyi fəaliyyətə daha bir yaddaqalan tarixi tədbir və səfər əlavə olundu.
Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və səfər çərçivəsində də Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum reallaşdı.
Səfər proqramı barədə öncə ətraflı məlumat verildiyi üçün bu yazıda Bakıda keçirilən forum üzərində dayanmağa qərar verdik.
Aygün Əliyeva: Bu ədəbiyyat təkcə ortaq keçmişimizin göstəricisi deyil, həm də ortaq gələcəyimizə mayakdır
Beləliklə, martın 18-də Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum keçirildi.

Forumda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.

“Bizə məxsus olan ortaq dəyərlər – əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımız və şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir. “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud” dastanları, Füzuli poeziyası türkmanların mənəvi dünyasını əks etdirir, bugünkü birliyimizin təməlini qoyur. Bu ədəbiyyat təkcə ortaq keçmişimizin göstəricisi deyil, həm də ortaq gələcəyimizə mayakdır”.
Bunu forumda açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirdi.
İcraçı direktor qeyd etdi ki, tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak ediblər: “Ortaq dəyərlərimiz, güclü milli ruhumuz və fəal vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb. Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır”.

İcraçı direktor vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev həmişə türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi: “Onun “Türkmanlar və Azərbaycan – bir bütövün parçalarıdır” fikri türkman icmalarının Azərbaycanla olan qırılmaz bağlarını bir daha vurğulayır”.
İraq, Türkiyə, Suriya, İordaniya, Livan, Əfqanıstan və digər ölkələrdə yaşayan türkmanlar bir ağacın budaqlarıdır
A.Əliyeva bidirdi ki, İraq, Türkiyə, Suriya, İordaniya, Livan, Əfqanıstan və digər ölkələrdə yaşayan türkmanlar bir ağacın budaqlarıdır. Fərqli coğrafiyalarda, fərqli talelərini yaşasalar belə bu insanlar eyni mədəni, tarixi dəyərlərin daşıyıcılarıdır: “Vətən müharibəsində qazanılan qətiyyətli Zəfərdən sonra Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı səviyyəsində səylərimizi davam etdirəcəyik, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” bəyanatı türk dövlətləri arasında münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, həm də vətəndaş cəmiyyətləri arasında inkişafına xüsusi təkan verdi”.
Ərşad Rəşad Salehi: İraq türkmanları ilə Azərbaycan arasında tarixən ortaq dəyərlər mövcuddur
Çıxış edən İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi isə dedi ki, İraq türkmanları ilə Azərbaycan arasında tarixən ortaq dəyərlər mövcuddur. Çətin şərtlərə baxmayaraq, dilimizi, mədəniyyətimizi unutmadıq, ayaqda durmağı bacardıq, varlığımzıdan əl çəkmədik”.

Çıxışında Xocalı soyqırımından da danışan natiq “Xocalı faciəsi təəssüf ki, hələ də İraqda rəsmi olaraq soyqırımı kimi tanınmayıb. Biz Xocalı soyqırımını İraqda tanıtmaq üçün var gücümüzlə çalışacağıq” dedi.
Fazil Mustafa: İndi isə ortaq gələcəyimizi yaratmaq üçün çalışmalıyıq
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə qeyd etdi ki, ortaq keçmişdə birləşə bilmədiyimiz üçün türklər müəyyən qədər bir-birlərindən uzaqlaşıblar: “İndi isə ortaq gələcəyimizi yaratmaq üçün çalışmalıyıq.

Deputatın sözlərinə görə, Türk, İslam dünyası güclü olsa, heç bir qüvvə bizə əziyyət verə bilməz: “Biz gələcəyin sağlam, hədəfə doğru yönələn yol xəritəsini hazırlamalıyıq”.
Azər Allahverənov: “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu böyük bir yolun başlanğıcdır
Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov çıxışında vurğuladı ki, “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu böyük bir yolun başlanğıcdır: “Ona görə də QHT-lər bir araya gələrək, türk dünyasını daha da gücləndirməyə töhfə verə bilər”.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətləri bir çox məsələlərin önündə getdiyi üçün Türk dünyası üçün də nələrsə edə bilərlər”.
Naqif Həmzəyev: Bu forum gələcəkdə birgə addımlara təkan verəcək
Çıxış edən millət vəkili Naqif Həmzəyev isə əmin olduğunu bildirdi ki, bu forum gələcəkdə birgə addımlara təkan verəcək: “Hesab edirəm ki, panel çıxışlarında da bu məqam üzərində xüsusi dayanılmalıdır”.

Çıxışlardan sonra Türkmanların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı təəssüratlarında bəhs edən videoçarx nümayiş olunub.
Bütün çətinliklərdə hər zaman bir olmağın vacibliyi vurğulandı
Forum panel müzakirələri ilə davam etdirildi.

Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun moderatorluğu ilə keçirilən “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” mövzusuna həsr olunmuş panel müzakirəsində çıxış edən Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Türkmaneli Qadınlar Dərnəyinin rəhbəri Fevziye Hasasu, “Türkmaneli” qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevsəroğlu və Türkmaneli Federasiyası Dərnəklərinin sədri Mehmet Tütüncü mövzu barədə öz fikirlərini bildirib, əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı, bu istiqamətdə müxtəlif təkliflər səsləndirdilər.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın moderatorluğu ilə “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” mövzusuna həsr olunmuş növbəti panel müzakirəsində isə Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili, Türkman Həmrəylik Təşkilatının sədri Kürşat Çavuşoğlu, Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad və İraq Türkmanları İnsan Haqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman çıxış etdilər.

Natiqlər türk dövlətləri arasında ortaq dəyərlərin qorunması, gələcək nəsillərə çatdırılması üçün birgə fəaliyyətlərin həyata keçirilməsi barədə fikirlərini bildiriblər.

Çıxışçılar Türk dünyasını ilə bağların daha da gücləndirilməsi istiqamətində işlər görülməsinin önəmi barədə təkliflərlə çıxıb etdi, bütün çətinliklərdə hər zaman bir olmağın vacibliyini vurğuladılar.
Forum konsert proqramı ilə davam etdi.

Beləliklə, daha bir tarixi addım atıldı. Türk dünyasının daha dərin inteqrasiyası istiqamətində daha bir vacib tədbir, daha bir vacib proqram müsbət nəticə ilə sonuclandı. Eyni zamanda bu tədbir, tədbirdə səslənən fikirlər və həmin fikirlərə müsbət yanaşma onu deməyə əsas verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tədbirləri sadəcə tədbir xatirinə etmir. Həmin tədbirlərdə səslənən fikirlərə uyğun olaraq növbəti mərhələlərdə addımlar atılır.
İlk şərhi yaza bilərsiniz