“Radionun farsca redaksiyası tamamilə fars şovinistlərinin məskəninə çevrilmişdi”
BAYRAQDAR MEDİA – “Tramp tərəfindən qapadılan Amerikanın Səsi (Voice of America) Radiosu 10 il əvvəl – Amerikaya yeni gəldiyim zaman məndən də müsahibə götürmüşdü. VOA-nın bağlanmasını təqdir etməsəm də, bizim üçün böyük faciə olduğunu da düşünmürəm – bir çoxlarından fərqli olaraq”.
Bunu hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı öz sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Xatırladaq ki, Prezidenti Donald Tramp ABŞ və dünya əhalisinin heyrətinə səbəb olan addımlar atmaqda davam edir. Bu dəfə də o, “Amerikanın Səsi” və “Azadlıq” radiosu da daxil olmaqla yeddi federal agentliyin bağlanması barədə fərman imzalayıb.
Zaur Bayramlı paylaşımında vacib bir məqama da toxunub və bu radionun Azərbaycan əleyhinə fəaliyyət göstərdiyini, farsca redaksiyasının isə tamamilə fars şovinistlərinin məskəninə çevrildiyini yazıb: “İllərlə çox vaxt Azərbaycanın haqlı mövqeyinin yox, Ermənistanın haqsız mövqeyinin tərəfdarı kimi çıxış etdiklərinin şahidi olduq nə yazıq ki. Bu radionun farsca redaksiyası isə tamamilə fars şovinistlərinin, Azərbaycan və Türk düşmənlərinin məskəni idi. Hətta Azərbaycan redaksiyası belə müsahibədən də gördüyünüz kimi, “Güney Azərbaycan” yox, “İran Azərbaycanı” terminini işlətməyə üstünlük verir”.
İlk şərhi yaza bilərsiniz