BAYRAQDAR MEDİA – Martın 17-də Azərbaycanlı, Qaşqayi və Türkmən Səhra təşkilatları İranda Türk siyasi məhbusların durumu ilə bağlı insan haqları qurumlarına müraciət edib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə görə “Azad dünyanın vicdanlı insanları və tərəfsiz insan haqları quruluşları; İran İslam Respublikası rejimi iqtisadi və siyasi böhranlara daha çox sürükləndikcə və cinayətkar, korrupsioner bir hakimiyyət kimi vətəndaşları arasında və beynəlxalq səviyyədə legitimliyini itirdikcə, təəssüf ki, siyasi, insan haqları, hətta mədəni və ekoloji fəallara qarşı təzyiqlərini artırır. Bununla da zorakılıq və basqılar yolu ilə öz ömrünü bir az da uzatmağa çalışır. Aydınların və siyasi-ictimai fəalların basqılara məruz qalması bütün diktatura və qeyri-demokratik rejimlərin ortaq xüsusiyyəti olsa da lakin heç biri bu yolla acı sonlarından qaça bilməyib”.
Bildirilib ki, “İranda hər bir müxalif və tənqidi səs ən sərt şəkildə boğulur. Sinif haqları fəalları, qadın hüquqları müdafiəçiləri, inanc azadlığı uğrunda mübarizə aparanlar, cinsi azlıqların hüquqları uğrunda çalışanlar, ekoloji fəallar və digər haqsızlığa qarşı çıxan insanlar İran İslam Respublikası rejiminin zorakılığına məruz qalmaqdadırlar. Əzilən millətlərin hüquqları uğrunda mübarizə aparan fəallar isə, o cümlədən Güney Azərbaycanda və İranın digər bölgələrindəki Türk fəallar ən ağır dövlət basqısına və zorakılığa məruz qalan kəsimlərdəndir. Bir çox Türk fəal qondarma ittihamlarla şəffaf və ədalətli olmayan məhkəmələrdə müdafiə haqqı olmadan ağır cəzalara məhkum edilərək İran İslam Respublikası rejiminin həbsxanalarında saxlanılır. Bu fəallar arasında Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Vədud Əsədi, Mürtəza Pərvin, Ayaz Seyfxah, Araz Aman və Baqir Hacızadə kimi şəxslərin adlarını çəkmək olar”.
Qeyd edilib ki, “Tehranın Evin həbsxanasında saxlanılan Əbdüləziz Əzimi Qədim, İran İslam Respublikası rejiminin ədalətsiz məhkəmə sisteminə etiraz olaraq aclıq aksiyasına başlayıb. Buna qarşılıq olaraq həbsxana rəhbərliyi onun ailəsi ilə telefon əlaqəsini tamamilə kəsib. Onun səhhətinin pisləşməsi səbəbilə həbsxananın tibbi məntəqəsinə köçürüldüyü bildirildiyi halda, siyasi məhbusun ailəsi və yaxınları onun sağlamlıq vəziyyətindən dərin narahatlıqlarını ifadə ediblər.
Onlarla Azərbaycanlı Türk fəal eyni ittihamlarla saxlanılıb və ağır girovlar (vəsiqə) qarşılığında müvəqqəti azadlığa buraxılıb. Bu fəalların məhkəmə prosesi davam edir və onların hər biri ağır cəzalara məruz qala bilər. Həbs edilənlərin əksəriyyəti saxlanma və istintaq dövründə fiziki və psixoloji zorakılığa, döyülməyə və işgəncəyə məruz qaldıqlarını bildiriblər”.
Xəbərə əsasən, “son günlərdə BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato yaydığı hesabatda Azərbaycanlı fəalların kütləvi şəkildə hüquqlarının pozulduğunu və repressiyalara məruz qaldığını bildirərək, beynəlxalq ictimaiyyəti İranda vətəndaş və siyasi azadlıqların boğulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Bundan əlavə, Human Rights Watch (İnsan Haqları Keşiyçisi) təşkilatı da Azərbaycanlı Türk fəalların basqıya məruz qalması ilə bağlı narahatlığını ifadə edib və rejimin sivil cəmiyyəti çökdürmək və etnik qrupların təməl hüquqlarını tələb etmələrinin qarşısını almaq məqsədilə uzunmüddətli həbs cəzalarına əl atdığını vurğulayıb”.
Sonda “bəyanatı imzalayan Azərbaycanlı, Qaşqayi və Türkmən Səhra partiya və təşkilatları, İran İslam Respublikası rejiminin basqı və zorakılıq siyasətini qınayaraq azad dünya ictimaiyyatını, xüsusilə də insan haqları təşkilatlarını Güney Azərbaycanda və İranın digər bölgələrində siyasi və ictimai fəallara qarşı həyata keçirilən genişmiqyaslı hüquq pozuntularına və zorakı repressiyalara diqqət yetirməyə çağırıblar: Biz bynəlxalq insan haqları qurumlarından tələb edirik ki, bu qeyri-insani siyasətlərin sona çatdırılması üçün İran İslam Respublikası rejiminə təzyiq göstərsinlər. Şübhəsiz ki, İranda fundamental azadlıqların təmin edilməsi və rejimin insan haqlarına zidd davranışlarının dayandırılması, Yaxın Şərqdə və bütün dünyada sülh və sabitliyə töhfə verəcək mühüm bir addım olacaqdır” deyə təşkilat bildirib.
Müraciəti imzalayan təşkilatlar:
– Azərbaycan Demokratiya və İnkişaf Ocağı
– Azərbaycan Demokrat Partiyası – ADP
– Azərbaycan Mərkəz Partiyası – AMP
– Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
– Güney Azərbaycan Demokrat Partiyası – GADP
– Qaşqay Azadlıq Yolu Partiyası – Qayi
– Türkmən Səhra Mədəniyyət və Siyasi Təşkilatı
İlk şərhi yaza bilərsiniz