BAYRAQDAR MEDİA – Martın 17-də Mədəniyyət Nazirliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşovla mentorluq proqramı çərçivəsində görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “mədəniyyət naziri Adil Kərimli S.Göyüşovun timsalında müsabiqənin bütün qaliblərini təbrik edib, onlara karyera uğurları arzulayıb. Nazir layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqənin qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini bildirib”.
Daha sonra xəbərdə, “yaradılan imkana və səmimi qəbula görə təşəkkür edən S.Göyüşov və “Yüksəliş”in İnsan resursları şöbəsinin müdiri Elmira Məmmədova müsabiqə qaliblərinin nazirin şəxsi təcrübəsindən faydalanmasının karyera və şəxsi inkişaf baxımından gözəl imkan olduğunu diqqətə çatdırıblar” deyə qeyd olunur.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
İlk şərhi yaza bilərsiniz