Dr. Yücel Karauz: Mütləq sürətdə Türk Dövlətləri Təşkilatının vahid ordusu, təhlükəsizlik və müdafiə qüvvələri formalaşdırılmalıdır
BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatının (TDT) öz ordusunun, ortaq müdafiə qurumunun olması qaçılmazdır. Çünki heç bir siyasi təşkilat öz təhlükəsizliyinin təməlini və müdafiə sistemini qurmadan müstəqil fəaliyyətinə tam təminat altına almış ola bilməz. Eyni zamanda müdafiə sistemi olmazsa həmin təşkilatın kimsəyə də hər hansı bir faydası ola bilməz”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
“Turan Ordusu”nun yaradılması aktuallaşıb
Xatırladaq ki, son vaxtlar, xüsusilə Donald Trampın Birləşmiş Ştatların prezidenti seçilməsindən sonra Avropanın təhlükəsizliyi məsələsi gündəmə gəlib. Belə bir fikir hakimdir ki, bu vaxta qədər Avropanın müdafiəsini təmin edən ABŞ artıq Avropanı Rusiya qarşısında tək və çarəsiz buraxıb. Bu isə türk dünyası ilə bağlı məsələni, yəni Turan ordusunun yaradılmasının xüsusilə aktuallaşdırıb.
Bu məqama münasibət bildirən Dr. Yücel Karauz öncəliklə baş verənlərdən türk dünyasının yetərincə dərs çıxarmalı olduğunu deyib: “Bu ordunun adının nə olmasından daha çox onun tezliklə qurulması önəm daşıyır. Bu baxımdan hesab edirəm ki, məsələn sizin anlamınızla desək “Turan Ordusu”nun qurulması üçün hətta gec qalmışıq. Əgər heç olmasa indi sürətli addımlar atmasaq yaxın zamanlarda çox ciddi peşmanlıqlar yaşaya bilərik. Çünki dünya çox sürətlə dəyişir, yeni dünya nizamı formalaşır və bunların fonunda da milli dövlətlərə, milli dövlətlərin təmsil olunduğu qurum və təşkilatlara qarşı da risk və təhdidlər artmaqdadır”.
Azərbaycanda belə bir mərkəzin yaradılması vacibdir və məsləhətlidir
Türkiyəli general deyib ki, bu risk və təhdidlər fonunda mərhələli addımlar atılmalıdır: “Öncə özümüzü, sonra bir-birimizi müdafiə etmək, bir-birimizə dəstək olmaq və həmçinin artan dünya riskləri fonunda türk dünyasını vahid şəkildə müdafiə edə bilmək üçün mütləq sürətdə Türk Dövlətləri Təşkilatının vahid ordusu, təhlükəsizlik və müdafiə qüvvələri formalaşdırılmalıdır. Təbii ki, öncəki açıqlamalarımda da dediyim kimi, TDT-nin mərkəzi Bakıda yerləşən müdafiə qərargahı yaradılmalıdır. Çünki Azərbaycan Türkiyə və Orta Asiya arasında bir körpüdür. Bu baxımdan Azərbaycanda belə bir mərkəzin yaradılması vacibdir və məsləhətlidir. Daha sonra otaq təlimlər və kurslar təşkil edilməlidir.
Vahid müdafiə sənayesi mərkəzi də yaradılmalıdır
Türkiyəli general deyib ki, TDT-nin vahid müdafiə qərargahı yaradıldıqdan sonra isə vahid müdafiə sənayesi mərkəzi yaradılmalıdır: “Bu müdafiə sənayesi mərkəzi də ölkələrin hansısa birində ola bilər. Həmin vahid müdafiə sənayesi mərkəzinin planı əsasında TDT-yə daxil olan ölkələrin əön müasir silahlarla təmini istiqamətində addımlar atılamalıdır. Bunları etməyəcəyimiz təqdirdə tarix bizi əfv etməyəcək. Çünki Avropanın indiki halı bizə dərs olmalıdır. Bu, bir daha təsdiq etdi ki, öz müdafiəsini başqasına həvalə edənlərin sonu heç də yaxşı olmur”.
İlk şərhi yaza bilərsiniz