BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və avadanlıqlar alınıb. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, “Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2024-cü il istehsalı olan 5 ədəd “Hyundai” markalı, 12 ədəd “Lada” markalı və 6 ədəd “Jac” markalı müasir avtomobillər alınıb. Bildirilib ki, müasir avtomobillərin hər biri ən yeni rəqəmsal sistemlə təsis olunub. Bu avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə hərtərəfli şərait yaradacaq. Yeni avadanlıqlar fövqəladə hallar zamanı vətəndaşların təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına töhfə verəcək”.
Məlumata görə, həmçinin təbii fəlakətlər və digər fövqəladə hallar zamanı əhalinin təhlükəsiz şəraitdə yerləşdirilməsini təmin etmək məqsədilə 500 ədəd 5 nəfərlik çadır, eləcə də 2000 ədəd çarpayı, 1600 ədəd oturacaq, 400 ədəd masa, hər birindən 2000 ədəd olmaqla adyal, yastıq və dolabça da alınıb.
İlk şərhi yaza bilərsiniz