Press "Enter" to skip to content

Siyasi şərhçi: Ermənistanla sülhə hələ çox var

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Ermənistanla sülh müqaviləsi mətninin razılaşdırılması istiqamətində müsbət xəbər yayılıb. Bildirilir ki, tərəflər sənədin mətnini razılaşdırıblar. Hətta Azərbaycanın Xarici İşlər Nazirliyi də bununla bağlı ayrıca bəyanatla çıxış edib. Ermənistan XİN isə daha də irəli gedərək sülh anlaşmasının imzalanması üçün yerin və vaxtın təyin edilməsindən danışıb. Doğrudanmı bu məsələ tam həllini tapıb və tezliklə sözügedən anlaşma imzalana bilər?

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət tələsməməyə çağırır: “Əlbəttə, bu müsbət irəliləyiş təqdir edilməlidir. Elə ona görə də Azərbaycan XİN ayrıca bəyanatla çıxış edib. Lakin düşünmürəm ki, sözügedən anlaşma tezliklə imzalana bilər. Çünki onun imzalanması üçün bütün məsələlərə aydınlıq gətirilməlidir. Göründüyü kimi, tərəflərin razılaşdırdığı deyilən sənəddə ən əsas məsələlər öz həllini tapmayıb. Ona görə də hələ bir qədər də işləmək lazım olacaq”.

Bəs ən əsas məsələlər nədir? Azər Həsrət bu məsələyə də aydınlıq gətirir: “Hər şeydən öncə Azərbaycana ərazi iddiasının yer aldığı Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Bu isə qısa müddətə həll ediləcək məsələ deyil. Bəllidir ki, konstitusiya dəyişikliyi olduqca mürəkkəb və uzun prosesdir. Yəni ən azından bir neçə ay, hətta Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamalarını nəzərə alsaq, ən azı bir ildən sonra onun ölkəsi konstitusiya dəyişikliyinə gedəcək. Anlaşma o baxımdan bir ilədək imzalana bilməyəcək. İkinci vacib məqam isə Azərbaycana dəyən maddi ziyanın kompensasiya edilməsidir. Ermənistan buna dair hər hansı öhdəlik götürübmü? Hələ ki, yox. Ona görə yenə də sülh anlaşması daşa dirənmiş olur. Bu iki məsələ həllini tapmadıqca hər hansı sülh anlaşmasından söhbət gedə bilməz. Çünki Azərbaycan buna razı olan deyil. Demək istədiyim odur ki, Ermənistanla sülhə hələ çox var”.

Siyasi şərhçi deyir ki, Ermənistan həm də Azərbaycana qarşı qatı cinayətlər törətmiş şəxsləri, əsas da keçmiş prezidentlər Robert Köçəryan və Serj Sagsyanı Bakıya təhvil verməlidir: “Bu şəxslərin hər ikisi Qarabağdakı kütləvi cinayətlərin səbəbkarları və törədiciləridir. Eyni zamanda onlar Azərbaycan vətəndaşıdır və Azərbaycan məhkəməsində cavab verməlidirlər. Belə olacağı təqdirdə sülh anlaşması üçün əngəllər tam aradan qalxa bilər. Qərbi Azərbaycanlıların öz yurdlarına dönə bilmə imkanları da yaddan çıxmamalıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.