Press "Enter" to skip to content

Qalanlar məni pis xatırlamasın

Məmməd QƏDİR

BAYRAQDAR MEDİA Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin fəal üzvü, istedadlı şair Məmməd Qədirin şeirini təqdim edir. Qeyd edək ki, martın 14-də şairin 65 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik.

Götürüb çiynimə ömür yükünü,
Zor-bəla çatdırdım altmış beşə.
Nə dilənəmmədim Simurq tükünü,
Nə də ağlamağı elədim peşə.

Vicdanım bəyazdı süddə qaşıqtək,
Süd çoxdan unudub, qaşıq tanımır.
Dastanlar qoşurdum ustad aşıqtək,
İndiki adamlar aşıq tanımır.

Şeytan yuvasıdır sanki bu dünya,
Hər gizlin deşikdən bir iblis çıxır.
Adəmdən bu yana xəyanət, riya…
Kökünü söyərdim, bir az pis çıxır.

Vəfa, etibar da sayılır “ayıb”
İnsanlıq, adamlıq düşüb dəyərdən.
Ağlamağım gəlir bərk qucaqlayıb,
Adam balasına rast gəlsəm hərdən.

Nələr eşitmədim, nələr görmədim,
Gözlərim kor oldu, qulaqlarım kar.
Diriykən hayqırıb “mən varam” dedim,
Ölməsə adamı görmür adamlar.

Hansı bir arzunun bəhərin yedim,
Əkib becərdiyim saralıb, solub.
Mənim yaşadığım həyat deyildi,
Ölümün hansısa bir növü olub.

Di gəl bu ələmlə diri qal, yaşa,
Ürəyim dərd tutub, ciyərim vərəm.
Gedirəm Allahla qalıb baş başa,
“Niyə yaratmışdın” sualın verəm.

Qaçıram sonuma payi-piyada,
Demirəm Məmmədin saxlayın yasın.
Bircə arzum qalıb, yalan dünyada
Qalanlar məni pis xatırlamasın…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.