Press "Enter" to skip to content

İZAZDER 9 ay ərzində 16 tədbir keçirib

Pərviz Altay

Pərviz Altay: Bu, təşkilatın, onun rəhbərliyinin, qurucularının məsələyə necə məhsuldar və həvəslə yanaşdıqlarının göstəricisidir

BAYRAQDAR MEDİA – “İzmirdə bir çox Azərbaycan dərnəkləri var. Amma bir həqiqəti demək lazımdır ki, bu təşkilatların bir qisiminin sadəcə sənədlərdə adı var. Real fəaliyyətə gəlincə isə deyə bilərik ki, biz də daxil olmaqla dörd təşkilat fəaliyyət göstərir”.

Bunu BAYRAQDAR MEDİA-ya İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) sədri Pərviz Altay deyib.

Məlumat üçün bildirək ki, Pərviz Altayın BAYRAQDAR MEDİA-ya geniş müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Hələlik isə onu qeyd edək ki, İZAZDER-in yaranmasının hələ bir ili tamam olmasa da, bu təşkilat öz fəallığı ilə seçilir. Bu məqama toxunan P.Altay İZAZDER-i 2024-cü ilin aprelində İzmir şəhərində yaşayan Azərbaycanəsilli insanları eyni çətir altında birləşdirmək və iki ölkə arasındakı mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə qurduqlarını deyib.

İZAZDER-in bu günə qədər çoxsaylı tədbirlər təşkil etdiyini vurğulayan Pərviz Altay, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun layihələr həyata keçirdikləri üçün qürur duyduğunu qeyd edib: “Biz 2024-cü ilin sonunda fəaliyyətimizə dair hesabat hazırladıq. Bəlli oldu ki, İZAZDER fəaliyyətə başladıqdan sonra 9 ay ərzində 16 tədbir keçirilib. Özü də bu tədbirlərin hər biri mühüm önəm kəsb edən məsələrə həsr edilib. Bu isə təşkilatın, onun rəhbərliyinin və qurucularının məsələyə necə məhsuldar və həvəslə yanaşdıqlarının göstəricisidir”.

P.Altayın sözlərinə görə, bu təşkilatı digərlərindən fərqləndirən bir çox vacib məqam var: “Məsələn, təşkilatımızın nəzdində iki komitə fəaliyyət göstərir. Bunlardan biri Orkun Kılıçın rəhbərlik etdiy Qərbi Azərbaycan komitəsidir. Digəri isə Tamer Öztürkün rəhbərlik etdiyi Türkiyə-Azərbaycan iş imkanlarının inkişafı komitəsidir. Qeyd edim ki, hər iki komitənin yaradılması Türkiyədə və dünyanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatları arasında bir ilkdir. Yəni bizə qədər heç bir diaspor təşkilatında belə komitələr yaradılmayıb. Özü də biz bu komitələri sadəcə yaratmaqla işimiz bitmiş hesab etmirik. Məlumat üçün bildirim ki, Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçiliyinin ofisi İzmirdə yerləşir və bu ilin yanvarında bu təmsilçiliklə İZAZDER arasında əməkdaşlıq protokolu imzalandı. Həmin protokol əsasında isə Qərbi Azərbaycan haqqında həqiqətlrəin Türkiyə ictimaiyyətinə çatdırılması üçün birgə addımlar atılır”.

Digər komitəyə gəlincə, P.Altay deyib ki,  2025-ci ilin fevralında İzmirdə “Azərbaycan könüllüləri iş dünyası ilə görüşür” mövzusunda toplantı keçirilib: “İzmir Azərbaycan Dərnəyi tərəfindən, Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirdə çox sayda iş adamı iştirak edib, yeni əməkdaşlıq imkanları dəyərləndirilib. Qeyd edim ki, tədbir iki qardaş ölkə arasında münasibətlərin ticarət sahəsində daha da dərinləşməsinə xidmət edirdi. Çünki iki ölkə arasında ticarətin sürətləndirilməsi regional iqtisadi artım üçün böyük fürsətlər yaradır, qarşılıqlı ticarətin sürətlənməsi isə bu imkanları daha da artıracaq. Hesab edirik ki, bu istiqamətdə atılan addımlara diaspor təşkilatı olaraq biz də öz dəstəyimizi göstərməliyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.