BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Masallıda “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunmuş ictimai dinləmə təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Masallı Gənclər Evində keçirilən tədbirdə SXA-nın, Rayon İcra Hakimiyyətinin və digər qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları barədə məlumatlar verib”.
Ardınca xəbərdə, “iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycan üçün yeni olan bu model çərçivəsində 37 uşaq artıq himayədar ailələrə yerləşdirilib. Modelin müəssisələrdə yaşayan uşaqların ailə mühitində yaşamaları, qayğı ilə əhatə olunmaları və sağlam gələcəyi baxımından mühüm əhəmiyyəti vurğulanıb” deyə qeyd olunur.
Çıxışlarda “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib, müzakirələr aparılıb və suallar cavablandırılıb.
Bildirək ki, bu mövzuya həsr olunan ictimai dinləmələr mütəmadi olaraq müxtəlif ərazilərdə təşkil edilir.
İlk şərhi yaza bilərsiniz