BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Bilditilib ki, “hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib. Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 26 əlavə reys, həmin tarixlərdə Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Belə ki, marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq”.
Məlumata görə, bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək: “Bu marşrut üzrə təyin olunmuş əlavə sürət qatarı isə hər gün saat 09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıya yola düşəcək. Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar da hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək. Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə əks istiqamətdə hərəkət edir”.
Məlumatda deyilir ki, Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayının artırılması nəzərdə tutulub: “Belə ki, qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir”.
İlk şərhi yaza bilərsiniz