BAYRAQDAR MEDİA – Martın 15-də saat 11:00-da V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “BDU və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçiriləcək müsabiqədə olimpiadanın respublika turunda 75 baldan yuxarını toplayan şagirdlər iştirak edəcək. BDU, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu ilin 11-21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaq”.
Bildirək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.
İlk şərhi yaza bilərsiniz