Press "Enter" to skip to content

“MÜSİAD Azərbaycan” öz ənənəsinə sadiqdir

Şabran görüşündən xatirə fotosu

Yaxud Şabran görüşü şəhid ailəri və qazilərə növbəti ehtiram, Ahıska türklərinə isə diqqət kimi yadda qaldı

BAYRAQDAR MEDİA – Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanla Türkiyə “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq, dünyaya bir qardaşlıq nümunəsi sərgiləyir. Təbii ki, bu qardaşlığın kökü tarixin dərinliklərinə gedib çıxır. Zamanında xalqlarımız arasında qurulan bu qardaşlıq müasir dövrdə, eyni zamanda dövlət rəhbərlərinin qətiyyətinə, dostluq və qardaşlıq əlaqələrinə söykənir.

Növbəti görüş yeri Şabran oldu

Təbii ki, istər fərdlər, istərsə də ayrı-ayrı qurumlar olaraq bizlər bu qardaşlığın daha da güclənməsinə öz dəstəyimizi göstərməliyik.

Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Bu baxımdan “MÜSİAD Azərbaycan”ın fəaliyyəti də xüsusi olaraq təqdir edilməlidir. İstər adi günlərdə, istərsə də bayramlarda Bakıda və əyalətlərdə yerli sakinlərlə, həmçinin şahid ailələri və qazilərlə bir araya gələn “MÜSİAD Azərbaycan” bu il də ənənəsinə sadirdir. Elə ötən həftənin son günü Şabran rayonunda keçirilən görüş və mərasim də bunun növbəti bariz nümunəsi idi.

Şəhidlər xiyabanını ziyarət
Şəhidlər xiyabanını ziyarət

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgünün, TÜRKPA Baş katibi Mehmet Süreyya Erin, Türkiyə səfirliyinin müşavirlərinin və əməkdaşlarının, həmçinin “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin, o cümlədən Azərbaycandan bir qrup media və QHT təmsilçisinin daxil olduğu nümayəndə heyəti Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovla birlikdə ilk olaraq Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə tər güllər düzərək, xatirəsini ehtiramla andı, həmçinin rayondakı şəhidləri xiyabanını ziyarət etdilər.

Asif Hüseynov: Şabranda hər zaman dini dəyərlərə böyük hörmətlə yanaşılıb

Daha sonra Rayon İcra Hakimiyyətində keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, həmçinin qarşılıqlı sərmayə imkanları barədə fikir mübadiləsi aparıldı.

Rayon İcra Hakimiyyətində görüş
Rayon İcra Hakimiyyətində görüş

Görüşdən sonra isə öz xeyirxah ənənəsinə sadiq qalan “MÜSİAD Azərbaycan” bu silsildən növbəti addım atdı. Bu qurumun təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. cənab Birol Akgünün, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Quba-Xaçmaz regional koordinatoru Azər Pənahovun, müşavirlərin, QHT təmsilçilərinin, şəhid ailələrinin, qazilərin, Ahıska türklərinin, sahibkarların, “MÜSİAD Azərbaycan”ın üzvlərinin iştirakı ilə Şabranda ənənəvi iftar süfrəsi təşkil edildi.

Asif Hüseynov çıxış edərkən
Asif Hüseynov çıxış edərkən

Mərasimdə çıxış edən Asif Hüseynov qeyd etdi ki, Şabran hər zaman dini dəyərlərə böyük hörmətlə yanaşan rayon olub. Şabran, eyni zamanda multikultural rayon kimi də öz mövqeyini qoruyub saxlayıb.

A.Hüseynov, həmçinin Şabranda şəhid və qazi ailələrinə diqqət və qayğıdan bəhs etdi.

Prof. Dr. Birol Akgün: Qardaşlığımız dərin köklərə malikdir

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün dedi ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları ötən hər gün daha da güclənir və inkişaf edir. Səfir qeyd etdi ki, “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan bu qardaşlığımız əsrlərin sınağından çıxıb və hazırda dünya üçün bir nümunə təşkil edir.

Prof. Dr. Birol Akgün çıxış edərkən
Prof. Dr. Birol Akgün çıxış edərkən

Çıxışında Bakı ilə yanaşı regionlarda da insanlarla bir araya gəlmək, onlarla söhbətlər etməyin əhəmiyyətinə toxunan səfir “MÜSİAD Azərbaycan”ın təşəbbüsü ilə Şabranda reallaşan məclisin bu baxımdan da önəm kəsb etdiyini dedi.

Prof. Dr. Birol Akgün əlavə etdi ki, dərin köklərə malik Türkiyə – Azərbaycan qardaşlığı hazırda yeni mərhələyə qədəm qoyub: “Biz Azərbaycan və Türkiyə qardaşlığının əbədi olmasını istəyirik. Bu qardaşlıq həm dostlara, həm də düşmənlərə böyük mesajdır. Türkiyə və Azərbaycan nə qədər güclüdürsə, türk dünyası da özünü bir o qədər güclü hiss edir. Allah birliyimizi, həmrəyliyimizi pozmasın”.

Rəşad Cabbirli: “MÜSİAD Azərbaycan” olaraq Şabranda qonaq olduq

Daha sonra çıxış edən Rəşad Cabirli dedi ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi – MÜSİAD 35 ildir birlik və bərabərlik ruhuyla millətimizin maddi və mənəvi inkişafına önəmli töhfələr verməkdədir: “35 il ərzində atılan addımlar sabaha daha inamla baxmağa əsas verir. 35 ildir uğurla fəaliyyət göstərən MÜSİAD fərdlərin və qurumların, ölkənin və cəmiyyətin, bölgənin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan “İnkişaf – Əməkdaşlıq – Güc Birliyi Platforması”dır. Bizlər də “MÜSİAD Azərbaycan” olaraq məhz bu mədəniyyət davası və təfəkkürü ilə bu gün Şabranda qonaq olduq”.

Rəşad Cabirli çıxış edərkən
Rəşad Cabirli çıxış edərkən

R.Cabirli, həmçinin “dəvətimizi qəbul edib iştirak etdiyi üçün cənab səfirimizə, müşavirlərimizə, qurumların təmsilçilərinə, bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk. Tədbirin təşkilində verdikləri dəstəyə görə Şabran RİH başçısına, əməyi keçən hər kəsə təşəkkür edirik” dedi.

Ahıska türklərinin fikir və təklifləri dinlənildi

Qeyd edək ki, mərasim zamanı səfirin şəhid ailəri və qazilərin olduğu bütün masalara yaxınlaşaraq, onlarla mehriban təmas qurması da diqqətimizdən yayınmadı.

Şabran görüşünü əlamətdar edən digər bir məsələ isə mərasimdən sonra bu rayonda və ətraf rayonlarda yaşayan Ahıska türkləri ilə səfirin görüşü oldu.

Səfirdən şəhid ailələri və qazilərə xüsusi ehtiram
Səfirdən şəhid ailələri və qazilərə xüsusi ehtiram

Şabran Rayon İcra Hakimiyyətinin başçısının da iştirak etdiyi görüşdə səfir Ahıska türklərini fəal olmağa, fikir və təkliflərini səsləndirməyə çağırdı.

Çıxış edən Ahıska türkləri isə Azərbaycan dövlətinin onlara hər cür şərait yaratdığını, burada özlərini doğma vətənlərindəki kimi hiss etdiklərini, bütün diqqət və qayğı ilə əhatə olunduqlarını bildirdilər.

Ahıska türkləri ilə görüşdən xatirə fotosu
Ahıska türkləri ilə görüşdən xatirə fotosu

Eyni zamanda, Ahıska tükləri Türkiyə dövlətinə hər zaman onları diqqətdə saxladığı üçün minnətdarlıqlarını çatdırdılar.

Ahıska türkləri ilə görüşdən
Ahıska türkləri ilə görüşdən

Ümumilikdə qeyd edə bilərik ki, Şabran görüşü şəhid ailəri və qazilərə növbəti ehtiram, Ahıska türklərinə isə diqqət kimi yadda qaldı.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.