BAYRAQDAR MEDİA – 2025-2026-cı tədris ili üzrə paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 1 630 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “12 fevral-10 mart tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Çağrı Mərkəzinə (146-1 nömrəli) 1 347 zəng, dislokasiya@baku.edu.gov.az elektron poçtuna 222 müraciət daxil olub. 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə isə 61 vətəndaş müraciət edib. Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib”.
Məlumatda deyilir ki, vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər: “Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər. Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur”.
İlk şərhi yaza bilərsiniz