Press "Enter" to skip to content

Gəlir hər daşından səsi boz qurdun…

"Zəfər şəhidlərin qan bahasıdır" kitabının üz və arxa qabığı

BAYRAQDAR MEDİA – Məmməd Qədiri yetərincə uzun müddətdir ki, tanıyıram. Bərbəzəksiz desək, şairdir. Özü də yaxşı şairdir. Onun Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisində səsləndirdiyi şeirlər milli poeziyamızın sayılıb-seçilən örnəklərindəndir.

Məmməd Qədir həm də artıq çoxsaylı deyə biləcəyimiz iri həcmli şeir kitablarının müəllifidir. Uzun illərdir izləyirəm, durmadan yazır. Yazdıqca da onun şairlik istedadının daha qabarıq şəkildə özünü göstərməsinin şahidi oluruq.

Məmməd Qədirin sevgi şeirləri isə bir başqadır. Özəlliklə də xanımların qəlbini oxşayan, seçilən şeirləri şairə yaxşı mənada şöhrət gətirib. Elə ona görə də hələ 2-ci Qarabağ Savaşından öncə Bakıda, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda keçirdiyi təqdimatda iynə atsan yerə düşməzdi. Xanımların əlindən. Açığı, o Klubda bir çox kitab təqdimatlarında olmuşam, amma Məmməd Qədirin təqdimatı qədər qələbəlik görməmişəm. Həmin təqdimatda zalda ayaq üstdə durmağa belə yer qalmadığından qonaqların bir qismi dəhlizdə dayanmalı olmuşdu…

Sözümüz bunda deyil əslində. Əsas sözümüz şairin öz qardaşı oğlunu da nəzmə çəkməli olması haqqındadır…

Kaş ki, buna gərək olmayaydı. Yaxud da, kaş ki, şair qardaşı oğlunu nəzmə çəkəydi, amma başqa səbəbdən…

Taledir, qədərdir, qaçmaq olmaz deyirlər. Biz də barışırıq. Elə Məmməd Qədirin özü də, qardaşı Qurban da, bütün qohum-əqrəbası, eli-obası da…

…İkinci Qarabağ Savaşında Xaçmaz igidləri də Vətən uğrunda canlarını sipər etmişdilər. O şanlı 44 günün sonuna qədər hər gün Xaçmaza da şəhid gəlirdi. Savaş bitəndən sonra da bir neçə şəhid gəlmişdi. Yaxud da yaralılardan şəhid olanlar vardı…

Məmməd Qədir də ondan sonra şəhidlərin qapılarına gedərək ailələrinə tək-tək baş çəkmiş, hər şəhidə şeir həsr edərək bunu kitablaşdırmışdı. Xaçmazda elə bir şəhid olmadı ki, Məmməd Qədir onun Vətən qarşısındakı o əvəzedilməz şücaətini nəzmə çəkməsin…

Və günlərin bir günündə Məmməd Qədirin öz ailə ocağında da Şəhid Bayrağı yüksəldi…

2023-cü ilin 19-20 sentyabrında Qarabağda gerçəkləşdirilmiş lokal antiterror əməliyyatı bu dəfə şair Məmməd Qədirin əziz qardaşı Qurbanın qapısını döydü. Qurban atanın əziz oğlu, peşəkar hərbçi Amid Qarabağı terrorçu və bölücülərdən təmizləyərkən xain gülləyə tuş gəlmiş, şərəfi ilə şəhid olmuşdu…

…Bir dəfə Məmməd Qədirlə söhbət edərkən şəxsimə dediyidir: düşünməzdim ki, bir gün o Şəhid Bayrağı bizim də qapımızda yüksələcək…

İşin ən diqqətçəkən tərəfi odur ki, Məmməd Qədir öz doğma qardaşının əziz oğlu, öz qanından olan bir gəncin Vətən üçün şəhid düşməsini qürurla qəbul edir, “bizim oğlumuz başqalarından nə artıq, nə əskikdir” deyir…

Xaçmazın 2-ci Qarabağ Savaşında sayı 50-ni keçmiş hər bir şəhidinin həyat hekayəsini şəxsən dinləmiş, yaşamış şair üçün qardaşoğlunun şəhidliyi də fərqli deyildi əslində…

Məmməd Qədir indi də canının bir parçası olan şəhid Qədirov Amid Qurban oğlu üçün şeirlər yazmalı oldu. Bu dərd şairi o qədər sıxdı ki, canını məhz nəzmə çəkdiyi misralarla yükdən azad etməyə çalışdı. Bir də baxdı ki, bir kitablıq şeir yazıb. İndi şəhid Amid üçün yazılan şeirləri çap etdirmək keçdi könlündən…

Və beləcə Məmməd Qədirin daha bir kitabı – “Zəfər şəhidlərin qan bahasıdır” işıq üzü gördü…

Kitab hələ çap edilməkdəykən şairə söz vermişdim ki, onun haqqında mütləq bir yazım olacaq. 5 ay öncə – 2024-cü ildə çap edilmiş kitabla bağlı yazımı bir qədər gec yazıram əslində. Səbəbsiz deyil. Hər dəfə o kitabı əlimə alıb vərəqləyəndə sanki nəsə əlimdən çəkirdi, şeirlər fikrimi o qədər məşğul edirdi ki, yazmağı sonraya saxlayırdım…

Haşiyə: 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror əməliyyatında şəhid olmuş komando baş çavuş Qədirov Amid Qurban oğlu 14 avqust 2000-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. O, kənd məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb, hərb sənətini çox sevdiyi üçün taleyini elə bu sahəyə bağlayıb. Tanınmış snayper olub, rəşadətlə vuruşub. Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Və şeirlər…

Söz meydanı söz istər, Məmməd Qədir mücahid,
Misilsiz hünərinə yer-göy olubdu şahid,
Ucalardan ucadır məqamı ali şəhid,
Qalxın, farağat durun şəhid adı gələndə,
Kimdi, Allahdan sorun şəhid adı gələndə… – deyir şair şeirində.

Başqa bir şeirində isə o, “Nur simalı şəhidlərim”i vəsf edir:

Al çiçəklər qanınızdan su içdikcə allandılar,
Bu dünyanın acıları şirinləşib ballandılar,
Nur üzlülər nura dönüb şəhadətə yollandılar,
Qanınızla qazandınız istiqlalı, şəhidlərim,
Haqqınızı halal edin, nur simalı şəhidlərim!

Məmməd Qədir Amidə həsr etdiyi “Şəhid oğul” adlı şeirində onunla qürur duyduğunu, onun kimi oğulların öz ölümləri ilə şər qoşununu dayandırdığını vurğulayır:

Ürəyimiz qürur duyur boğulsaq da göz yaşında,
Sən adını həkk elədin tarixin daş yaddaşına,
Hünərinlə son qoyuldu yüz illərin savaşına,
Şər qoşunun dayandırdın, sənə əhsən, şəhid oğul,
Sən ölməzsən, sən ölməzsən, şəhid oğul!

“Şəhidim” şeirində isə şair canından can olan Amidə müraciətlə deyir:

Azərbaycan candan əziz, sübut etdin öz canınla,
Bu tarixi sən yaratdın – qürur, zəfər tarixini,
Kainatın kitabına həkk elədin al qanınla,
Balaca bir məmləkətin fövqəlbəşər tarixini.

Hər bir şəhidi öz doğması bilən, onların əzizləri ilə eyni dərdi eyni dərəcədə bölüşən şair obrazlı şəkildə şəhid evlərini yurdun paytaxtı elan edərək yazır:

Məmməd, şəhid ölməz, bir dinləsənə,
Gəlir hər daşından səsi boz qurdun,
Dalğalanan bayraq anlatdı mənə,
Paytaxtı bu evdi daha bu yurdun…

Maraqlıdır ki, şairin şeirlərində boz qurdla bağlı məqamlar da ayrıca diqqət çəkir. O, “Azərbaycanımsan, Amid” adlı şeirində bu məsələni bir başqa cür təqdim edir:

Şəhid canla bir ordusan,
Türk qövmünün boz qurdusan,
Misilsiz şəhid yurdusan,
Azərbaycanımsan, Amid.

Şəhid Amidə həsr edilmiş kitabda Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bağlı bir şeir xüsusi diqqət çəkir. Şair yazır:

Sən mənim Koroğlum, Atatürkümsən,
Dünyaya göz dağı, Batı türkümsən,
Azadlıq simvolu, ata türkümsən,
Adını qazandın göstərib hünər,
Ali Baş Komandan, Müzəffər Rəhbər!

…Məmməd Qədirin kitablarından biri “Şeirlər şairin göz yaşlarıdır…” adlanır. Əslinə qalanda onun bütün kitablarında göz yaşlarını da görmək olar. Amma heç özünün də ağlına gəlməzdi ki, günün birində bu göz yaşları qürur selinə dönüb can parçası Amid üçün axacaq.

Həyatdır, qədərdir, kimsə ondan qaça bilməz. Əsas odur ki, belə bir qədər bərabərində çoxlarına qismət olmayacaq yüksək qürur da gətirsin. Bax, Məmməd Qədirin qədəri – göz yaşları da bu qürurdan sellənir, şeirə çevrilib axır, axır, çaylara dönür, ümman olur…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.