Press "Enter" to skip to content

Bizi Qərbi Azərbaycana yaxınlaşdıracaq daha bir addım

Tədbir zamanı

“Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfrans və “Qayıdış:Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz (III cild)” kitabının təqdimatı keçirilib

BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki proqram mahiyyətindəki çıxışı elm adamları və tədqiqat mərkəzlərinə ünvanlanmış tapşırıq idi. Dövlət başçısı həmin çıxışda bəyan etdi ki, Zəngəzur, Göyçə, İrəvan və digər vətən torpaqlarının geri qaytarılması bizim milli ideologiyamızın əsasını təşkil etməlidir”.

Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsi üçün onun ideoloji və elmi əsaslarının formalaşdırılması böyük əhəmiyyət daşıyır
Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsi üçün onun ideoloji və elmi əsaslarının formalaşdırılması böyük əhəmiyyət daşıyır

Bunu “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfransdakı çıxışında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. Qeyd edək ki, martın 11-də Sosial Təqdiqatlar Mərkəzində keçirilən “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfrans, konfrans çərçivəsində isə “Qayıdış:Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz (III cild)” kitabının təqdimatı keçirilib.

Tədbir zamanı
Tədbir zamanı

Milli Məclisin deputatları, QHT nümayəndələri, alimlər və digər ictimai şəxslər iştirak etdiyi konfransda çıxışı zamanı Z.Oruc çıxışında bildirib ki, dövlət başçısının qarşıya qoyduğu yeni milli hədəfi həyata keçirmək istiqamətində fəaliyyətə cəmiyyətin bütün təbəqələrinin qoşulması nəticəsində Qərbi Azərbaycan məsələsinin siyasi, elmi, tarixi və strateji baxımdan tədqiq və təbliği ümummilli məsələyə çevrilib: “Cənab Prezidentin nitqində səsləndirdiyi strateji xətti əsas götürərək,Qərbi Azərbaycana qayıdışının ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq edilməsi istiqamətində tədqiqata başlayıb. Mərkəz tərəfindən dərin və gərgin tədqiqatların nəticəsi kimi ərsəyə gətirilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz (I cild)” əsəri 4 iyul 2022-ci ildə, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” (II cild) kitabı 6 noyabr 2023-cü ildə Azərbaycan ictimaiyyətinə təqdim edilmişdir. Bu istiqamətdəki fəaliyyətin nəticəsi və həmin institusional əsərlərin davamı olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cild bu gün tədim edilir”.

O da vurğulanıb ki, III cilddə İrəvan, Göyçə, Zəngəzur və digər tarixi Azərbaycan torpaqlarına aid 144 abidə elmi əsaslarla araşdırılıb. Kitabda abidələr 20 kateqoriya üzrə təqdim edilib. Bunlara 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sanduqə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafik-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri, 4 bazilika daxildir. Bu abidələrdən 32-si tamamilə dağıdılıb, 42-si xaraba vəziyyətdədir, 70-i isə mənimsənilib.

Kitabda hər bir abidənin tarixi, yerləşdiyi ərazi, əvvəlki və indiki toponimi, təsnifatı, növü, təyinatı, əhəmiyyəti və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Tədqiqat əsərində Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrinin dövlət və şəxsi arxivlərindən əldə edilən mənbələrə əsaslanan araşdırmalar yer alıb. Mərkəzin əməkdaşı Əfqan Vəliyevin müəllifliyi ilə hazırlanan bu üçcildlik araşdırmada ümumilikdə 532 maddi-mədəni irs nümunəsi elmi tədqiqata cəlb edilib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Nağıqızı , Milli Məclisin deputatları Rizvan Nəbiyev və Tahir Mirkişi, kitabın müəllifu Əfqan Vəliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin sistemli tədqiqi və təbliği tarixşünaslıq sahəsində olan boşluqları doldurmaqla yanaşı, milli yaddaşın qorunmasına və gələcək nəsillərin məlumatlandırılmasına mühüm töhfə verəcək. Bu cilddə toplanan materiallar yalnız dağıdılmış və məhv edilən abidələrin statistikası ilə məhdudlaşmır, eyni zamanda, onların tarixi yaddaşını, əfsanələrini, inanc sistemini və mədəni mirasını bərpa etməyə xidmət edir.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsi üçün onun ideoloji və elmi əsaslarının formalaşdırılması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlar həm elmi, həm siyasi, həm də strateji baxımdan ümummilli məsələ kimi diqqət mərkəzində olmalıdır. Beləliklə, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cild tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından akademik və praktiki əhəmiyyətə malikdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.