Çingiz Göytürk: Məsud Pezekşianın istefaya məcbur edilməsi, hətta həbs olunması fars-molla rejiminin Prezidentə qarşı planının tərkib hissəsi kimi reallaşa bilər
BAYRAQDAR MEDİA – “Bundan öncəki parlament seçkilərində namizədliyi Seçicilər Məclisi tərəfindən təsdiqlənməyən Məsud Pezekşianın son prezident seçkilərində qəfildən namizədliyinin ölkənin ali rəhbəri Seyid Əli Xameneinin tövsiyəsi ilə təsdiqlənməsinin başlıca üç səbəbi vardı. Bu səbəblər isə ümumilikdə fars-molla rejiminin daxilindəki gərginlikdən irəli gəlirdi”
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Mərkəzi Şura başqanı Çingiz Göytūrk deyib.
Onun sözlərinə görə bu səbəblərdən birincisi ABŞ faktoru ilə bağlı idi: “Yəni İranda fars-molla rejimi Donald Trampın qalib gələcəyi və İranda da islahatçı şəxsin prezident olacağı təqdirdə Birləşmiş Ştatalarla nüvə proqramı ilə bağlı danışıqların başlama ehtimalını yüksək görür, bunu dəyərləndirmək istəyirdi. İkincisi, sadə vətəndaşlar arasında seçkilərə marağın artırılması ilə bağlı idi. Çünki bundan öncəki seçkilərdə səsvermə hüququ olanların cəmi 30 faizdən də aşağısının seçkilərdə iştirakı molla rejimini narahat edirdi. Onlar Məsud Pezekşianın namizədliyinin təsdiqlənməsi ilə Güney azərbaycanlıların və digər qeyri-fars xalqların seçkilərdə daha çox iştirakının təmin olunacağını düşünürdülər. Yəni daha öncəki parlamentdə türk fraksiyasına rəhbərlik etmiş və bununla da azərbaycanlılar arasında ciddi nüfuz qazanmış, eyni zamanda rejimin cinayətlərində birbaşa iştirak etməmiş, təmiz siyasətçi imici ilə digər millətlər arasında da ciddi populyarlıq qazanmış Məsud Pezekşian Güney azərbaycanlıların və digər qeyri-fars millətlərin seçkilərdə daha fəal iştirakının təmin edilməsi üçün rejimə ən uyğun namizəd idi. Üçüncüsü isə gündən-günə radikallaşan, artıq açıq bir səkildə “Müstəqillik və milli dövlət” şüarını səsləndirən Güney Azərbaycanı təkrar İran çərçivəsində bəlli milli haqlar uğrunda mübarizəyə döndürə biləcək şəxs Məsud Pezekşiandan başqa kimsə ola bilməzdi”.
Müsahibimiz qeyd edib ki, bütün bunlara baxmayaraq Birləşmiş Ştatlarla müzakirələrdə heç bir nəticə əldə edilmədi: “Azərbaycanlıların qismən də olsa seçki məntəqələrinə cəlb edilməsində Məsud Pezekşianın rolu olsa da, ümumilikdə iştirak səviyyəsi ürəkaçan olmadı. Ən önəmlisi isə nəinki qeyri-fars millətlərə ən adi hüquqların verilməsi, hətta bunun dilə gətirlməsinin dövlətin ən dərin qatlarına nüfuz edən fars şovinistləri tərəfindən sərt qarşılanmasıdır. Hesab edirəm ki, artıq fars-molla rejimi Məsud Pezekşianın onların işinə yaramadığı qənaətinə gəlib. Ona görə də Prezidentin yaxın ətrafına qarşı total hücum və təzyiqlər başlayıb.
Məsud Pezekşianın istefaya məcbur edilməsi, hətta həbs olunması fars-molla rejiminin Prezidentə qarşı planının tərkib hissəsi kimi reallaşa bilər. Çıxış yolu isə fars şovinist və radikal qüvvələrin ortaq planına qarşı Güney Azərbaycanın müqavimət göstərməsidir”.
İlk şərhi yaza bilərsiniz