Press "Enter" to skip to content

“City of London”da Novruz bayramı qeyd edilib

"City of London”da Novruz bayramı qeyd edilib

BAYRAQDAR MEDİA – Bu il Novruz Britaniyaya erkən gəlib. Londonun maliyyə mərkəzi sayılan “City of London”un tarixi Mansion House binasında Novruz bayramı möhtəşəm bir tədbirlə qeyd olunub.

Xəbərdə bildirilir ki, “bayram gecəsi Böyük Britaniyanın qabaqcıl fintek şirkətlərindən biri olan və azərbaycanlı sahibkar Orxan Nəsibov tərəfindən təsis edilən “Guavapay”in təşkilatçılığı ilə keçirilib. “City of London”-un 696-cı Lord Meri Alastair Kinqin dəstəyi və iştirakı ilə olan bu təntənəli tədbir Novruzun zəngin mədəni irsini, sülh və birlik dəyərlərini əks etdirib. Gecədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyə, Özbəkistan və Qırğızıstanın Londondakı səfirləri, Britaniya parlamentinin üzvləri, eləcə də biznes və maliyyə sahəsində nüfuzlu şəxslər, diaspor nümayəndələri və ölkənin öndə olan universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. L.A.Kinq çıxışında Novruzun insanları bir araya gətirən dəyərlərini vurğulayaraq bu bayramın multikultural dəyərlərin və dostluğun simvolu olduğunu qeyd edib. O, eyni zamanda, “Guavapay”in Londondakı sürətlə inkişaf edən fintek sektoruna verdiyi töhfələri yüksək qiymətləndirərək belə beynəlxalq təşəbbüslərin şəhərin iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. L.A.Kinq həmçinin qeyd edib ki, bu tədbir Mansion House-da Azərbaycanla bağlı ilk tədbiridir”.

Sonra xəbərdə, ““Guavapay” Qrupunun icraçı direktoru Elxan Nəsibov çıxışında Novruzun yenilənmə və inkişaf ruhunun biznes və texnologiya sahələrində də öz əksini tapdığını bildirib. O, “Guavapay”in 8 il əvvəl Orxan Nəsibov tərəfindən Londonda təsis edildiyini və bu illər ərzində beynəlxalq maliyyə texnologiyalarında mühüm körpü rolunu oynadığını vurğulayıb. Çıxışlar zamanı qeyd olunub ki, tədbirin məqsədi Novruzu təkcə baharın müjdəçisi kimi deyil, həm də xalqları, mədəniyyətləri, qitələri birləşdirən bir körpü kimi dəyərləndirmək və yeni qarşılıqlı əməkdaşlıqların bünövrəsini qoyan dostluq platforması yaratmaqdır” deyə qeyd olunub.

Xəbərdə həmçinin deyilir ki, “qonaqlar üçün bayramın rəmzi olan ləziz Azərbaycan şirniyyatları təqdim edilib, Novruzun ruhu zəngin musiqi proqramının ahəngi ilə canlanıb, bayram ovqatına xüsusi bir rəng qatıb. Tədbirdə Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri, Azərbaycanın Əməkdar artisti, virtuoz skripkaçı Ceyla Seyidova və istedadlı kamança ustası Rasim Fərziyev möhtəşəm çıxışları ilə bayram gecəsinin ruhunu zənginləşdirərək onu unudulmaz bir gecə kimi xatirələrə həkk ediblər. Tədbir Azərbaycan və Böyük Britaniya arasında mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verən əlamətdar bir hadisə kimi yadda qalıb”.

Xatırladaq ki, “City of London” – Londonun maliyyə mərkəzi təxminən 2,9 kvadrat kilometr sahəni əhatə edir və qlobal maliyyə arenasında böyük təsirə malik sıx bir ərazidir. Ölçüsünə baxmayaraq bu tarixi bölgə İngiltərə Bankı və London Fond Birjası kimi əsas institutların mərkəzi olub, dünyanın ən nüfuzlu maliyyə mərkəzlərindən biri kimi əhəmiyyətini göstərməkdədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.