Dr. Alptekin Cihangir İşbilir: Azərbaycanla Türkiyə arasındakı əlaqələrin dərinləşməsinə və genişlənməsinə mədəni fəaliyyətlər də mühüm töhfə verir
BAYRAQDAR MEDİA – “İki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi isə türk dünyası arasındakı münasibətlərin inkişaf edərək, kulminasiya nöqtəsinə çatmasıdır”.
Bunu Türkiyə səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir deyib.
O, bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlər digər türk dövlətləri üçün nümunə təşkil edir: “Bildiyiniz kimi iki qardaş ölkə arasında əlaqələr elm, təhsil və mədəniyyət sahəsində olduğu kimi Türkiyə-Azərbaycan media platforması çərçivəsində də uğurla inkişaf edir. Bu istiqamətdə son aylar ərzində yeni addımar atılıb. Həmçinin hələ qət edəcəyimiz yollar da çoxdur. Odur ki, “durmaq yox, yola davam” deyirik”.
Dr. Alptekin Cihangir İşbilir əlavə edib ki, əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə mədəni fəaliyyətlər də mühüm töhfə verir: “Bu baxımdan hesab edirəm ki, Azərbaycanın Xalq artisti, dəyərli sənətçi Elnarə Abdullayevanın ev sahibliyi ilə Ramazan ayında gerçəkləşən məclis mühüm önəm kəsb edir. Yəni Azərbaycan və Türkiyədən ziyalılar, tanınmış sənətçilər, iş insanları və mətbuat nümayəndələrinin iştirak etdiyi bu məclis əlaqələrin daha da güclənməsi üçün atılan addımlardan biridir”.
Mətbuat müşaviri çıxışında onu da vurğulayıb ki, əslində, əlaqələrin inkişafı üçün hər kəs çalışmalıdır: “Dövlət rəhbərlərimiz bu istiqamətdə misilsiz işlər görürlər. Bizlər də həm bir fərd, həm də qurum və quruluşlar olaraq bu işdə öz dəstəyimizi göstərməliyik. Tarixi köklərə əsaslanan və hazırda Türkiyə Cumhurbaşqanı sayın Recep Tayyip Erdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaşlığından, qətiyyətindən güc alan bu əlaqələrin daha da irəli aparılması üçün bizlər də fəal olmalıyıq. Məhz bu baxımdan Samiral Usuboğlunun fəaliyyəti də təqdir edilməlidir. Mən Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün reallaşdırdığı əvəzolunmaz layihələrə görə Gözdeki Umut Derneği qurucu başqanı və Usuboğlu Holding Yönetim Kurulu başqanı Samirali Usuboğluna təşəkkür edirəm”.
İlk şərhi yaza bilərsiniz