Məcid Cavadi: Məsud Pezeşkian mübarizəni sona qədər davam etdirərək, Güney Azərbaycanlılardan dəstək istəsə proseslər tamamilə fərqli məcrada inkişaf edəcək
BAYRAQDAR MEDİA – “Ümumiyyətlə hazırda İranda bir çox sahələrdə dərin böhran hökm sürür. Bunun başında iqtisadi böhran gəlir. Eyni zamanda, siyasi böhran və xüsusilə də son günlər ABŞ və İsraillə İran arasında gərginliyin artmasından doğan diplomatik böhran var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Onun sözlərinə görə, xüsusilə Birləşmiş Ştatların İranın nüvə obyektlərinin vurulacağına dair hədəsindən sonra İranda hakimiyyət daxilində dərin böhran yaranıb: “Fikir ayrılıqları dərin böhrana çevrilib. Çünki İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ilə bağlı ABŞ ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. Lakin ölkənin ali rəhbəri Seyid Əli Xamenei buna qarşı çıxıb. Bütün bunların baş verdiyi bir anda isə
Prezidentin yaxın adamı, əslən azərbaycanlı olan iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatiyə impiçment elan edilib. İslahatçı qanadın digər təmsilçisi İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif isə istefaya məcbur edilib. Bununla da islahatçılarla radikallar arasında gərginlik pik nöqtəsinə çatıb”.
Müsahibimiz, həmçinin “hazırda İranda vəziyyət belədir. Hər kəs Birləşmiş Ştatların İranı vuracağı təqdirdə nə olacağanı düşünür. Eyni zamanda bunun fonunda Məsud Pezeşkian ilə Seyid Əli Xamenei arasında çatlar daha da böyüyür. Böyük ehtimalla prosesin açıq qarşıdurmaya keçməsi halında Xamenei tərəfi qalib olacaq. Amma bu qalibiyyət İran üçün Pirr qələbəsinə bərabər olacaq. Yəni, İranda hakimiyyət böhrannın yaranması qaçılmaz olacaq. Digər tərfdən, Məsud Pezeşkian mübarizəni sona qədər davam etdirərək, Güney Azərbaycanlılardan dəstək istəsə poseslər tamamilə fərqli məcrada inkişaf edəcək”.