Alim Bayel: İstəyirik ki, ali təhsil və elm sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın aparıcı qüvvələrdən biri olsun
BAYRAQDAR MEDİA – Azərbaycanla Qazaxıstan araısnda qardaşlıq əlaqləri təhsil sahəsini də əhatə edir. Elə Bakıda keçirilən Qazaxıstanın 23 universitetinin iştirak etdiyi təhsil sərgisi də bu istiqamətdə atılan növbəti addımdır.
Məlumat üçün bildirək ki, iki günlük sərgi azərbaycanlı yuxarı sinif şagirdlərə və tələbələrə Qazaxıstanın aparıcı universitetləri tərəfindən təklif olunan akademik proqramlar ilə tanış olmağa imkanı yarıtdı. Bu, həm də iki qardaş ölkənin ali təhsil sahəsində əməkdaşlığının dərinləşməsinə təkan verən növbəti mühüm addımdır.
Sərgi ali təhsil sahəsində iş birliyinə töhfə verəcək
Sərginin mühümlüyü və önəmindən söz düşmüşkən, Qazaxıstan Azərbaycandakı səfiri Alim Bayel martın 4-də keçirilən açılış mərasimindəki çıxışında bu sərginin iki ölkənin tarixində ilk belə tipli tədbir olduğunu və ali təhsil sahəsində iş birliyinə töhfə verəcəyini vurğuladı.

Səfir dedi ki, Qazaxıstan və Azərbaycan arasında əlaqələr bu gün ən yüksək səviyyəyə çatıb: “Biz sözdə deyil, əməldə müttəfiq olduq. Əməkdaşlığımız bütün sahələrdə uğurla inkişaf edir. Biz istəyirik ki, ali təhsil və elm sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın aparıcı qüvvələrdən biri olsun”.
Sərgi azərbaycanlı tələbələrə təhsil üfüqlərini genişləndirmək üçün dəyərli imkanlar yaradacaq
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə sərginin Azərbaycan gəncləri arasında müsbət təsirindən əmin olduğunu bildirib.
Nazir qeyd edib ki, bu, azərbaycanlı tələbələrə təhsil üfüqlərini genişləndirmək üçün dəyərli imkanlar yaradacaq.
Qazaxıstanda Azərbaycandan olan tələbələr üçün hər il 12 tam təqaüd ayrılır
Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek öz çıxışında iki ölkə arasında əməkdaşlığın ümumi təhsil və elmi layihələrə önəm verilməklə isti qardaşlıq mühitində inkişaf etdiyini bildirdi.
Onun sözlərinə görə, Qazaxıstanda Azərbaycandan olan tələbələr üçün hər il 12 tam təqaüd ayrılır: “Hazırda Qazaxıstanda 222 azərbaycanlı, Azərbaycanda isə 80-ə yaxın qazaxıstanlı tələbə təhsil alır”.

Qeyd edək ki, təhsil sərgisində Qazaxıstanın 20-dən çox ali təhsil müəssisəsi iştirak edib. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldə etmək mümkün olub.
Məlumat üçün onu da bildirək ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur.
Sərgini yaddaqalan edən digər bir məqama gəlincə, BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, təhsil sərgisi çərçivəsində sponsorların dəstəyi ilə Qazaxıstana pulsuz aviabiletlər, kitab mağazalarına sertifikatlar, fitness zallarına abunəliklər, qulaqcıqlar və başqa hədiyyələr oynanılıb. Bundan başqa, qazax milli məhsullarının satıldığı xeyriyyə yarmarkası da təşkil edilib.
İlk şərhi yaza bilərsiniz