Press "Enter" to skip to content

İki ölkənin münasibətləri hər zaman yüksək səviyyədə olub

Fazil Mustafa

Fazil Mustafa: Azərbaycanla Pakistan arasında dostluq və əməkdaşlığı dərin köklü ənənələrə əsaslanır

BAYRAQDAR MEDİA – “Pakistan Baş nazirinin ölkəmizə səfəri əhəmiyyətli hadisədir. Pakistan qardaş ölkədir. Bu ölkə ilə münasibətlərimiz bənzərinə az rast gəlinən ölkələrarası münasibətlərdəndir”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana səfərini şərh edərkən deyib.

BAYRAQDAR MEDİA-ya açıqlamasında F.Mustafa qeyd edib ki, iki ölkə arasında münasbətlərin indiki səviyyəyə yüksəlməsi təsadüfi görünməməlidir: “Pakistanla Azərbaycanın dostluq və əməkdaşlığı dərin köklü ənənələrə əsaslanır. Pakistanın Azərbaycanın müstəqilliyini tanıması 1991-ci il dekabr ayının12-nə təsadüf edir ki, bu da Türkiyədən sonra atılan ikinci diplomatik addım olub. 1992-ci ilin iyun ayının 9-da ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ildə isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da sədrliyi qardaş ölkə Pakistan etmişdi”.

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində də Pakistan Azərbaycana birmənalı şəkildə dəstək verməklə dostluğunu bir daha əyani şəkildə sübut etdi: “Pakistan qardaş ölkə Türkiyə kimi axıra qədər Azərbaycanın haqlı davasında yanında oldu. Azərbaycanın Pakistan ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Ölkə başçılarının qarşılıqlı səfərləri dostluq, qardaşlıq, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinə yeni impulslar verir”.

Komitə sədri bununla belə, bəzi atılamlı olan addımlardan da bəsh edib: “Ancaq, hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin indiki həcmi hələ də hər iki tərəfin real iqtisadi potensialına cavab vermir. Yəqin ki, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində yaxın vaxtlarda iqtisadi göstəricilərin də arzu olunan səviyyəyə yüksəlməsinin şahidi olacağıq. Bu baxımdan ölkə başçısının Pakistanın baş naziri ilə mətbuata birgə açıqlamasında qeyd etdiyi Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları həcmində sərmayə qoymağı planlaşdırması barədə məlumatı bu sahədə əhəmiyyətli gəlişmələrin olacağını göstərir”.

Deputat onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında sıx əlaqələr mövcuddur. Pakistanın hərbi-sənaye kompleksi ilə, Azərbaycan hərbi-sənaye kompleksi arasında müştərək silahların, döyüş texnikasının birgə istehsalı nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.