Press "Enter" to skip to content

Yeni dünya nizamına doğru -VİDEO

Tədbir zamanı

Yaxud daha ədalətli bir dünyanın formalaşması mümkündür

BAYRAQDAR MEDİA – Bu gün bəşəriyyət qlobal və düşündürücü bir problemlə baş-başa qalıb. Söhbət dünya nizamının pozulmasından gedir. Bəli, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı artıq pozulub. Bunu hər kəs, hətta dünyanın aparıcı ölkələrinin rəhbərləri belə etiraf edir. Eyni zamanda yeni dünya nizamının yaradılmasının qaçılmaz olduğu bildirilir.

Panel müzakirəsi
Panel müzakirəsi

Bəs, biz, türk dünyası olaraq formalaşdırılacaq yeni dünya nizamına hazırıqmı? Hesab edirəm ki, martın 4-də Bakıda Türkiyə Cumhurbaşqanlığının İletişim Başqanlığının təşkilatçılığı ilə “Stratcom Public Forum” çərçivəsində keçirilən “Daha ədalətli bir dünya mümkündür” adlı panel müzakirəsi həm də bu suala cavab tapmağa xidmət edirdi.

Yeni dünya nizamına hazır olmalıyıq

Bakı toplantısı barədə ətraflı məlumata keçməzdən öncə xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində yeni dünya nizamının yaradılmasının qaçılmaz olduğunu bildirdi. Dövlət başçısının eyni zamanda Türk Dövlətləri Təşkilatının yeni dünya nizamında qlobal aktorlardan biri olaraq önə çıxmasının vacibliyini söyləməsi, əslində, belə deyək, türk dünyasının bir istiqaməti kimi qiymətləndirilə bilər.

Türkiyə bu məsələdə artıq qarşısına konkret hədəflər qoyub

Məhz bunların fonunda martın 4-də keçirilən tədbirdəki çıxışlar diqqət mərkəzində oldu. Bəlli oldu ki, Türkiyə bu məsələdə artıq qarşısına konkret hədəflər qoyub. Bu hədəflərə çatmaq üçün isə başda Azərbaycan olmaqla Türk Dövlətləri Təşkilatının bütün üzvüləri ilə bərabər hərəkət edilməlidir.

Beləliklə, bu sadalananlar fonunda diqqət kəsb edən tədbirdə öncə “Türkiye Yüzyılı” mövzusunda fotosərgiyə baxış oldu. Sonra KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arça Turganerin, həmçinin millət vəkillərinin, elm adamlarının və mətbuat nümayəndələrinin iştirak etdiyi mərasimi Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir giriş sözü ilə açdı.

Dr. Alptekin Cihangir İşbilir: Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var

Şəhidlərin xatirəsinin yad edilməsi və hər iki qardaş ölkənin dövlət himnlərinin oxunmasından sonra tədbir barədə məlumatlandırma çıxışı edən Dr. Alptekin Cihangir İşbilir beynəlxalq sistemin qlobal sülhü təmin etməkdə çətinliklərlə qarşılaşdığını bildirdi.

Dr. Alptekin Cihangir İşbilir
Dr. Alptekin Cihangir İşbilir

Mətbuat müşavirinin sözlərinə görə, beynəlxalq təşkilatların əsas vəzifəsi qlobal sülhü və təhlükəsizliyi təmin etmək olsa da, elə bir hal yaranıb ki, onlar qarşıdurmaları qızışdırmağa, gərginliyin artmasına xidmət edirlər: “Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var. Bu məqsədlə tutarlı tədbirlərin görülməsi son dərəcə zəruridir. Dünya miqyasında sülhə və təhlükəsizliyə töhfə vermək üçün bir sıra qurumlar mövcuddur. Müharibələrin qarşısına sədd çəkmək elə sülhün təminatı mənasına gəlir. Ancaq biz qlobal qurumların bu qırğınları daha da alovlandırdığının şahidi olmaqdayıq. Mən buna çox təəssüf edirəm”.

Fahrettin Altun: Türkiyə Cumhurbaşqanı Recep Tayyip Erdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir

Daha sonra Türkiyə Cumhurbaşqanlığının İletişim başqanı Fahrettin Altunun tədbir iştirakçılarına video müraciəti təqdim edildi.

Fahrettin Altunun tədbir iştirakçılarına video müraciəti
Fahrettin Altunun tədbir iştirakçılarına video müraciəti

Videomüraciətdə BMT-nin fəaliyyətindəki problemlərdən danışan F.Altun bildirdi ki, Türkiyə Cumhurbaşqanı Recep Tayyip Erdoğanın “Dünya beşdən böyükdür” fikri də BMT-də islahata ehtiyacın olduğuna diqqət çəkir: “Türkiyə Cumhurbaşqanlığının İletişim Başqanlığı olaraq, biz 20 fərqli ölkədə “Stratcom Public Forum” çərçivəsində təşkil edilən tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyə Cumhurbaşqanı Recep Tayyip Erdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq”.

İnsanlıq daha ədalətli dünya üçün nələrin ediməli olduğu ətrafında baş sındırır

Daha sonra panel müzakirələrə başlanıldı.

Türkiyənin Kocaeli Universitetinin professoru İrfan Kaya Ülgerin moderatorluğu ilə keçirilən paneldə dünyanın necə daha ədalətli ola biləcəyi istiqamətində çıxış və müzakirlər edildi.

İrfan Kaya Ülger
İrfan Kaya Ülger

Spikerlərə söz verməzdən öncə qısa məlumatlandırma edən professor hazırda bəşəriyyətin qarşısında duran əsas suallardan birinin də məhz yeni dünya ilə bağlı oldunu dedi.

Qeyd edildi ki, insanlıq daha ədalətli dünya üçün nələrin ediməli olduğu ətrafında baş sındırır. Bakıda keçirilən bu tədbir də həmin istiqamətdə atılan addımlardan biri kimi yadda qalacaq.

Cavid Vəliyev: Ölkələrarası münasibətlərdə yeni nizamlanma sisteminin formalaşmasına ciddi ehtiyac var

Sonra çıxışlara başlanıldı.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev çıxışında beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasətindən danışdı. O, beynəlxalq münasibətlər sistemi ilə ədalətin təmin olunmasının tərs mütənasib olduğunu qeyd etdi.

Cavid Vəliyev
Cavid Vəliyev

Şöbə müdiri əlavə etdi ki, beynəlxalq münasibətlər sistemində ədalət axtarışları İkinci Dünya müharibəsindən sonra ortaya çıxan yeni dünya sistemi ilə bilavasitə əlaqədardır: “Bu nizam artıq yoxa çıxmaqda olduğu üçün ölkələrarası münasibətlərdə yeni nizamlanma sisteminin formalaşmasına ciddi ehtiyac var”.

Nurettin Acır: Türk nə qədər güclü olarsa, dünyada da möhkəm sülh olar

Panelin digər spikeri Milli Müdafiə Universitetinin prorektoru, professor Nurettin Acır da çıxışında mövzu ilə bağlı maraqlı məqamlara toxundu.

Nurettin Acır
Nurettin Acır

Qeyd edildi ki, beynəlxalq münasibətlərdə ən başlıca problem bir sıra beynəlxalq təşkilatın yetərli fəaliyyət və bütün insanlara ədalətli şəkildə münasibət göstərməmisidir: “Beynəlxalq münasibətlərdə haqsızlıqla ən çox Türk dövlətləri və İslam ölkələri üzləşir”.

Çıxcışında beynəlxalq münasibətlərdə gücü şərtləndirən amillərdən də bəsh edən professor əlavə etdi ki, türk nə qədər güclü olarsa, dünyada da möhkəm sülh olar.

Vüsalə Mahirqızı: Daha ədalətli bir dünya üçün çalışmaq, mediasız olmaz

APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı isə çıxışında ədalətli dünyanın qurulmasında medianın rolundan danışdı: “Bu gün danışılan önəmli mövzu – daha ədalətli bir dünya üçün çalışmaq, əlbəttə ki, mediasız olmaz. Amma bu peşənin təmsilçisi olaraq, təəssüflənərək, bu gün medianın dünyanın ədaləti üçün çalışdığını söyləməyə çətinlik çəkirəm”.

Vüsalə Mahirqızı
Vüsalə Mahirqızı

Qeyd edildi ki, bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açır.

Serdar Gündoğan: Türkiyədə 136 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 min nəfəri azərbaycanlıdır

Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Serdar Gündoğan isə çıxışında yeni dünya nizamının formalaşmasında təhsilin önəmindən bəhs etdi.

Serdar Gündoğan
Serdar Gündoğan

Çıxışında Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrə də toxunan natiq “Türkiyədə 136 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 min nəfəri azərbaycanlıdır. Türkiyə Maarif Vəqfi olaraq təşkilatımızın 56 ölkədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Bu 56 ölkənin 22-si ən az inkişaf etmiş ölkə statusundadır. Qeyri-kommersiya qurumu olan Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrdə 70 min nəfər gənci təqaüdlə təmin edir” dedi.

Türk harda varsa orada sülh, əmin-amanlıq və ədalət var

Beləliklə, yeni dünya nizamının formalaşması istiqamətində müzakirələr, axtarışlar, həmçinin təkliflərin səsləndirilməsi davam edir. Bu prosesin türk dünyasında daha geniş şəkildə getməsi isə heç də təsadüfi deyil. Yuxarıda da vurğuladığımız kimi Azərbaycan Prezidenti İlham Əliyev formalaşacaq yeni dünya nizamında Türk Dövlətləri Təşkilatının aparıcı aktorlardan biri kimi önə çıxmasınn vacibliyini vurğulayıb.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Buradan yola çıxaraq onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı başlıca olaraq məhz ədalətin yoxa çıxmasına görə pozulub, sıradan çıxıb. Deməli, formalaşacaq yeni dünya nizamında türk dünyasının öndə olması vacibdir. Çünki türk harda varsa orada sülh, əmin-amanlıq və ədalət var.

Nadir Azəri
Nadir Azəri

Türkiyə Cumhurbaşqanlığının İletişim Başqanlığı tərəfindən 20 fərqli ölkədə “Stratcom Public Forum” çərçivəsində təşkil edilən və növbəti dayanacağı Bakı olan “Daha ədalətli bir dünya mümkündür” adlı panel müzakirəsinin başlıca amacı da bu həqiqəti bir daha geniş şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır.

Onu da bildirək ki, sonda tədbirin iştirakçılarına xatirə hədiyyələri təqdim olundu, daha sonra isə mətbuata qapalı Dəyirmi masa keçirildi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.