BAYRAQDAR MEDİA – Martın 4-də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılış mərasimi olub.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sərgi Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə həmin ölkənin bir qrup ali təhsil müəssisəsinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil edilib. Sərginin əsas məqsədi Qazaxıstan universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir. Təhsil sərgisinin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və S.Nurbek çıxış edərək sərgi iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlarda elm və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin artan inkişafı barədə danışılıb, sərginin Qazaxıstan və Azərbaycan arasındakı təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub”.
Sonra xəbərdə, “qeyd edək ki, iki gün davam edəcək təhsil sərgisində Qazaxıstanın 20-dən çox ali təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldə etmək mümkündür. Sərgidə iştirak ödənişsizdir. Məlumat üçün bildirək ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz