Press "Enter" to skip to content

“Miqrasiya məktəbi – 7” layihəsi çərçivəsində təlim keçirilib

Təlim zamanı

Millət vəkili təlimdə miqrasiya mövzusunda məruzə ilə çıxış edib

BAYRAQDAR MEDİA – Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən “Miqrasiya məktəbi – 7” layihəsi çərçivəsində təlim təşkil olunub. Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov təlimdə “Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda mühazirə ilə çıxış edib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, A.Allahverənov Azərbaycan Respublikasında tarixən geniş vüsət alan miqrasiya prosesləri və müxtəlif tarixi mərhələlərdə onların idarə olunmasında qeyri-hökumət təşkilatlarının iştirakı barədə danışıb: “Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və bu səbəbdən ölkədə humanitar böhranın baş verməsi bu sahədə ixtisaslaşan vətəndaş cəmiyyəti institutlarının formalaşmasına səbəb olmuşdur. Qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin olunması, yaşayır yerinin yaxşılaşdırılması, hüquqi, sosial, tibbi, məşğulluq, təhsil və digər sahələrdə problemlərinin həll edilməsi istiqamətində dərhal fəaliyyətə başlayan QHT-lər ümummili səviyyədə çox mühüm vəzifələrin icrasına başlamışdılar. Həmin dövrdən etibarən böyük bir inkişaf yolu keçən və zəngin təcrübə qazanan milli QHT-lər bu gün də miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin icra olunmasında yaxından iştirak edirlər”.

Məlumata əsasən, A.Allahverənov qeyd edib ki, bu gün “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi ilə yanaşı miqrasiya sahəsində ixtisaslaşan digər QHT-lər də bu sahədəki fəaliyyətlərini həm milli, həm də beynəlxalq müstəvilərdə uğurla davam etdirirlər: “Yerli tərəfdaşlarla sıx əməkdaşlıq edən milli QHT-lər beynəlxalq platformalarda da fəal təmsil olunur, bütün müstəvilərdə Azərbaycanın milli maraqlarını layiqincə müdafiə edirlər. Xüsusilə vurğulanıb ki, miqrasiya sahəsində çoxşaxəli fəaliyyətlərinin əlaqələndirilməsində maraqlı olan QHT-lər vaxtaşırı müxtəlif təşəbbüslərlə çıxış edir, fərqli formatlı və təyinatlı koalision təsisatların yaradılmasına müvəffəq olurlar. Belə təsisatlardan biri ondan çox QHT-nin təmsil olunduğu Miqrasiya Əməkdaşlıq Platformasıdır. Ölkə müstəvisində miqrasiya sahəsində yeganə koalisiya olan Miqrasiya Əməkdaşlıq Platforması öz fəaliyyətini sahəvi işçi qruplar vasitəsilə qurur və bununla da Azərbaycanda miqrasiya proseslərinin çevik şəkildə idarə olunmasında yaxından iştirak edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.