Mürsəl Rüstəmov: ATİB Azərbaycanda və Türkiyədə iqtisadiyyatla yanaşı sosial sahələrin inkişafına da önəm verir
BAYRAQDAR MEDİA – Öz fəaliyyətində hər zaman geniş birgə əməkdaşlığa üstünlük verən Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) bu istiqamətdə yeni addımlar atmaqdadır. Elə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) ilə əməkdaşlıq da bu istiqamətdə atılan addımlardan biridir.
Bu yaxınlarda isə ATİB və ATİAHİ arasında əməkdaşlıq fonunda maraqlı bir görüş olub. Hər iki qurumun birgə təşkilatçılığı ilə təhsil, təlim və konsaltinq sahəsində xidmət göstərən özəl müəssisələr üçün məlumatlandırma görüşü keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ATİB-dən məlumat verilib.

Bildirilib ki, “görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Nigar Ələsgərova, Azər Hətəmov, Araz İsmayılov, ATİAHİ sədrinin müavinləri Tehranağa Abdullayev, Turanə Kərimova, Mirzə Cəfərzadə, habelə Azərbaycanda fəaliyyət göstərən bir sıra özəl ali və ümumi təhsil məktəblərinin, əlavə təhsil mərkəzi və kursların, eləcə də konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər”.

Maraqlı məqamlarla zəngin tədbirdə açılış nitqini ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov edib. O, Birliyin sosial məsuliyyətinin tərkib hissəsi kimi Azərbaycanda və Türkiyədə iqtisadiyyatla yanaşı sosial sahələrin inkişafına da önəm verdiyini vurğulayıb.
Məlumata görə, M.Rüstəmov bu baxımdan cəmiyyətin inkişafının aparıcı qüvvələrindən olan təhsil işçilərinin hüquqlarının qorunmasına, onların rifahına töhfə verməyə də diqqət etdiklərini bildirib: “ATİB sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə cari il imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində bu istiqamətdə səmərəli əməkdaşlıq etməyi hədəflədiklərini dilə gətirib”.

Daha sonra ATİAHİ sədrinin müavini Mirzə Cəfərzadə çıxış edib. O, belə bir görüşün əhəmiyyətli olduğunu bildirib.
Sədr müavini Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəaliyyət istiqamətləri və həmkarlar təşkilatlarının üzvlərinə təqdim etdiyi xidmət və imtiyazlar barədə təqdimat edib.
Tədbir iştirakçılarla tanışlıq və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi ilə davam edib.
İlk şərhi yaza bilərsiniz