Qazaxıstan Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
BAYRAQDAR MEDİA – Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, “dəyirmi masa”da Azərbaycanda səfərdə olan Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan və Qazaxıstanın qabaqcıl universitetlərinin rektorları iştirak ediblər.
Hafiz Paşayev: Azərbaycan və Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər davam etdiriləcək
Məlumatda vurğulanıb ki, “dəyirmi masa”ya evsahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

Rektor rəhbərlik etdiyi universitetdə çalışan qazaxıstanlı akademik heyətin peşəkarlığını vurğulayaraq gələcəkdə Azərbaycan və Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini qeyd edib.
Sayasat Nurbek: Qarşılıqlı akademik və elmi əməkdaşlığın gücləndirilməsi vacibdir
Sayasat Nurbek isə çıxışında Qazaxıstanın Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Qarşılıqlı akademik və elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunan Sayasat Nurbek əlavə edib ki, iki ölkə arasında hazırda təhsil strategiyaları, tərəfdaş universitetlərlə əməkdaşlıq planları və innovativ yanaşmalar üzərində işlər aparılır.
Nazir bildirib ki, akademik və tədqiqat sahələrində yeni imkanlar yaratmaq üçün birgə fəaliyyət genişləndirilir”.
Emin Əmrullayev: Hər iki ölkənin öz milli maraqları mövcuddur
Məlumata əsasən, Emin Əmrullayev də öz növbəsində Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Emin Əmrullayev qeyd edib ki, hər iki ölkənin öz milli maraqları mövcuddur və bu maraqlara əsaslanaraq təhsil sahəsində oxşar hərəkət modelindən istifadəyə qərar verilib. Nazir vurğulayıb ki, əsas məqsəd ali təhsili gücləndirmək və universitetlərimizin davamlı inkişafını təmin etməkdir.
Nazir hər iki ölkənin universitetlərini qarşılıqlı sıx əməkdaşlığa çağırıb.
Alim Bayel: Həm Qazaxıstanda, həm də Azərbaycanda təhsil sahəsində geniş islahatlar aparılır
“Dəyirmi masa”da çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “həm Qazaxıstanda, həm də Azərbaycanda təhsil sahəsində geniş islahatlar aparılır” deyib.

Səfir hər iki ölkənin bu sahədə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu əlavə edib.
Çıxış edən Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələrinin rəhbərləri ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrdən, əməkdaşlıq imkanlarından danışıblar.
“Dəyirmi masa” çərçivəsində təşkil edilən “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsində “Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları: effektiv tətbiq və təsir strategiyaları”, “Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi” və “Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması” mövzularında fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra hər iki ölkədən ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.
İlk şərhi yaza bilərsiniz