Dr. Muhtar Fatih Beydili: Suriya türkmənləri tarixi və etnik bağlarına görə Azərbaycanı öz ata vətəni kimi görürlər
BAYRAQDAR MEDİA – “Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi, xüsusilə Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsinə yardımın çatdırılması, Bakı-Ankara-Dəməşq xəttində yeni dinamikanın göstəricisi kimi qiymətləndirilə bilər”.
Bunu BAYRAQDAR MEDİA-ya Suriya Türkmənəli Azərbaycan Dostluq Cəmiyyətinin və Suriya Türkmən Doktorlar Birliyinin başqanı Dr. Muhtar Fatih Beydili deyib.
Onun sözlərinə görə, bu addım bir neçə aspektdən mühüm önəm kəsb edir: “Əvvəla, Azərbaycan müharibədən zərər çəkmiş bölgələrə yardım etməklə beynəlxalq humanitar missiyada aktiv rol oynayır və Suriyadakı böhrana həssas yanaşdığını nümayiş etdirir. İkincisi, məlum olduğu kimi Suriyanın quzeyindəki bölgələr əsasən Türkiyənin nəzarətindədir və bu cür humanitar aksiyalar Türkiyə ilə koordinasiyanı tələb edir. Deməli, Azərbaycanın himanitar yardımla bağlı atdığı addım, eyni zamanda Ankara-Bakı strateji tərəfdaşlığının humanitar aspektini gücləndirir”.
Dr. Muhtar Fatih Beydili deyib ki, məsələnin digər bir məqamı isə Azərbaycan artan nüfuzu ilə bağlıdır: “Bəlli olduğu kimi Azərbaycan son illərdə regional siyasətini genişləndirərək Orta Doğuda da fəal iştirak etməyə başlayıb. Bütün bunların fonunda yuxarıda bəhs etdiyimiz yardımla bağlı addım da Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş coğrafiyada mühüm rol oynadığının daha bir təsdiqidir. Çünki bu yardımlar gələcəkdə Bakı-Dəməşq münasibətlərinin daha da yaxınlaşmasına və Azərbaycanın Suriyanın bərpası prosesində iştirak etməsinə zəmin yarada bilər. Bir sözlə, Azərbaycanın bu istiqamətdə atdığı addımları çox dəyərlidir”.
Müsahibimiz onu da vurğulayıb ki, bu yardımlar təkcə ümumilikdə Suriya xalqına deyil, eyni zamanda xüsusilə Suriya türkmənlərinə yönəldilməlidir: “Suriya türkmənləri tarixi və etnik bağlarına görə Azərbaycanı öz ata vətəni kimi görürlər. Bu səbəbdən Azərbaycan dövlətindən və xalqından dəstək gözləyirlər. Bildiyiniz kimi, Suriyada yaşayan türkmənlər uzun illərdir müharibə, məcburi köçkünlük və sosial çətinliklərlə üzləşiblər. Onların maddi və mənəvi dəstəyə ehtiyacı var. Hesab edirəm ki, bu dəstəyin Azərbaycan tərəfindən verilməsi həm humanitar, həm də milli-mənəvi baxımdan mühüm önəm kəsb edir. Eyni zamanda, Azərbaycan türkmənlərin hüquqlarını, mədəniyyətini və təhlükəsizliyini qorumaq üçün öz dəstəyini davam etdirməlidir”.
İlk şərhi yaza bilərsiniz