BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) müəllimlərə dəstək məqsədilə sertifikatlaşdırma prosesinə həsr olunmuş görüşlərə başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİd-dən məlumat verilib.
Bildirilib ki, “Bakıdakı 20 nömrəli məktəb-liseydə keçirilən ilk görüşdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Yasamal və Səbail rayonları üzrə fizika, kimya, biologiya, coğrafiya və informatika müəllimləri iştirak ediblər”.
Məlumata görə, BŞTİ-nin sektor müdiri Aygün Bayramova dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının əhəmiyyəti barədə danışıb: “A.Bayramova müəllimlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına, təhsilin keyfiyyət göstəricilərinə təsirləri, sertifikatlaşdırma prosesinin qaydaları haqqında məlumat verib. Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb”.
Məlumatda o da qeyd edilib ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.
İlk şərhi yaza bilərsiniz