BAYRQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” layihəsinə başlanılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İctimai Birliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün “gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir. Peşə təhsilli kadrlara müasir iş bazarında xüsusi ehtiyac olmasını, eləcə də gənclərin bu sahəyə marağının aşağı olduğunu nəzərə alaraq layihə çərçivəsində 23-35 yaş aralığında 20 gənc lider və məktəb müəllimlərini – multiplayerləri seçərək onlar üçün iki aylıq intensiv təlimlər, 5 günlük düşərgənin təşkili və Lənkəran Peşə Təhsil Mərkəzinə “təhsil səfəri” də nəzərdə tutulub. Bu təlimlər peşə təhsilinin təşviqi, gənclərin bacarıqlarının kəşfi və motivasiyasının artırılması mövzularını əhatə edəcək”.
Ardınca xəbərdə, “təlim proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt və bölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyən qızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamanda, valideynlərlə birbaşa görüşlər keçirəcəklər. Bu görüşlərdə ilkin məlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları təşkil ediləcək” deyə bildirilir.
Xəbərdə həmçinin deyilir ki, “layihənin davamlılıq hissəsində, iştirakçılar bölgələrdəki gənclərlə qurulan əlaqələr vasitəsilə peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini davam etdirəcək, bəzən onlayn sessiyalar keçirərək dəstəyi davam etdirəcək. Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsi ilə maarifləndirmə prosesinin uzun müddət davam etməsi, eləcədə peşə təhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcək”.
Qeyd edək ki, son müraciət tarixi martın 10-dur.
Onu da bildirək ki, link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
İlk şərhi yaza bilərsiniz