BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul şəhərində “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyindən məlumat verilib.
Məlumata görə, tədbir “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi (ATEV) “Makro 2000” və “Mustafazadə” Qrupları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Birlik Topluluğunun birgə təşkilatçılığı ilə reallaşıb: “Konfransda türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi, həmçinin gələcəkdə gerçəkləşdirilməsi planlaşdırılan layihələr müzakirə edilib. Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransda öncə şəhidlərin xatirəsi yad edilib, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib”.
Məlumatda, həmçinin “tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cumhurbaşqanı Ersin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim partiyası AK Partinin Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu və ATEV sədri, millət vəkili Tənzilə Rüstəmxanlının təbrik mesajları səsləndirilib. KonfransdaTürkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin sədri, araşdırmaçı-yazar Güngör Yavuzaslan, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, “Worldtürk” telekanalı sahibi Adem Erdağı, “Ulusal Kanal”ın aparıcısı Yeşim Eryılmaz, doktorant Rəşid Mustafazadə, Turan Federasiyası İdarə Heyəti üzvü Hakan Seyidoğlu, gənc alim Anar Can Kıtay, Qazax Türkləri Mədəniyyət və Araşdırma Dərnəyinin Baş katibi Orhun Akdağ çıxış ediblər. Çıxışlarda türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlər səsləndirilib” deyə qeyd edilib.