Press "Enter" to skip to content

Dönüb çiynimin üstündən; Baxanda həyat görürəm

Təranə Turan Rəhimli

BAYRAQDAR MEDİA bu dəfə istedadlı şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimlinin şeirlərini təqdim edir:

Qadın var…

Qadın var, roman kimi,
O romanı oxuyub
bitirməyə qıymazsan.
Qadın var, ümman kimi,
Daldıqca dərininə
batdığını duymazsan.

Qadın var, gözlərində
İtirərsən ömrünü,
Tapmağa möhlət qalmaz.
Qadın var, dünyanı da
Sərsən ayaqlarına,
qəlbsizə meyl salmaz.

Qadın var, sərt qayadır,
Minillik daşlar kimi
mərd dayanıb sirr verməz.
Qadın da var, röyadır,
Sən onu yozanadək
İtər sehri, əfsunu,
bir də yuxuna girməz.

Analar

Gözləri çəkdiyi yolda
Düşüb qalmaqdı analıq.
Övladı gələn limana
Lövbər salmaqdı analıq.

Ürəyi daim təlaşda,
Simurq tək oda yanmaqda.
Balasının arxasında
Özünü bir dağ̆ sanmaqda.

Çiyni hər yükün altında,
Həyat cəngində pəhləvan.
Övladını qorumaqçün
Fələyə də tutar divan.

Gözündə körpədir deyə
Üstündə əsib titrəyər.
Yoluna qurd-quş çıxanda
O, aslan olub kükrəyər.

Qoruyar soyuqdan, qardan,
Bir ömür yorulmaq bilməz.
Övladı gün görsün deyə
Analar gün üzü görməz.

İtalyan mahnısı. Sözləri Təranə Turan Rəhimlinindir – VİDEO

Dönüb çiynimin üstündən; Baxanda həyat görürəm

Nənəmin “ağıl dəryası”,
Babamın “noğul” qızıydım.
Anamın “sirr dağarcığı”,
Atamın “oğul” qızıydım.

Güvənirdi evimizdə
Hamı mənə özü kimi,
İnanırdılar sözümə
Əsil kisi sözü kimi.

Böyüdürdü öz içimdə
Bu etibar, inam məni.
Hər gün bir az “kəşf edirdi”
Atam məni, anam məni.

Belə bir güvən üstündə
Ömür qurmağı öyrəndim.
Sözümə inandılar ki,
Sözdə durmağı öyrəndim.

İlmə-ilmə körpə qəlbə
İnamı nəqş elədilər.
Vaxtında Haqqı tanıdıb
Əqidə bəxş elədilər.

Doğru dürüst yaşamağı
Öyrəndim düz adamlardan.
Ömrü məşəl kimi yanan,
Ürəyi köz adamlardan.

Yarımçıqdan uzaq gəzdim,
Bütövlərə bel bağladım.
Riyakarla gülməkdənsə
Doğruyla birgə ağladım.

Arxada keçdiyim yollar,
Cığırlar çat-çat görürəm.
Dönüb çiynimin üstündən
Baxanda HƏYAT görürəm.

Son uçuş – son möcüzə

Qəhrəman stüardessa Hökümə Əliyevanın əziz xatirəsinə

Dünyadan qədimdi söz,
İnsandan ucadı səs.
Hər adam sözdə qalmaz,
Hamı səsinə yetməz.

Kim bilir hansı yaşda
Aləmə səs salacaq.
Kim bilir bu dünyaya
Son sözü nə olacaq.

Həmin gün göydən qopdu,
Yerə gəlib çatdı söz.
Ömür cümləyə sığdı,
Bir tarix yaratdı söz.

Səssiz qızın son səsi
Dünyaya haray saldı.
Qoy “hamı sakit olsun!” –
Səs kövrəldi, səs doldu.

“Hər şey yaxşı olacaq.”
Göydən yerə nidamı?
O qızın titrək səsi
Mələklərdən sədamı?

Əcəl meydan oxuyur,
Həyat ölüm göz-gözə.
Hamı nəsə gözləyir…
Son uçuş – son möcüzə.

Bir təyyarə insanın
Qorxudan solmuş üzü…
Bir yandan ümid verir
Hökümənin son sözü.

“Hər şey yaxşı olacaq!” –
İşıq sarır havanı.
“Allahu əkbər” səsi
Dəlib keçir tavanı.

Dünyanın çiyni qopur,
Sözdən ağır yük yoxmuş.
Ölüm vaxtı verilən
Ümid Allaha yolmuş.

Alovlanır təyyarə,
O ümid itmir hələ.
Dastan yazır bu millət.
Son nəfəsində belə.

Hünər odur…

Haqqa getməyən yolun
Bilinməz düzü, tərsi.
İnsan dərs almadıqca
Bitməz Allahın dərsi.

Ömür boyu tükənməz
Bu taleyin sınağı.
Qaya kimi dayanar
Yol üstündə qınağı.

Bəzən təbiətin də
Üzü dönər, sərt durar.
Yağışı döyəcləyər,
Dolusu qırmanc vurar.

Kəsər fələk ipini
Gözləmədiyin yerdə.
Bir az böyütmək üçün
Tanıdar səni dərdə.

Həyat – sonsuz imtahan,
Hamı keçər birtəhər.
Qorxma, qatı zülmətin
İçindən doğar səhər.

Hünər odur gecəyə
Qəlbindən nur verəsən.
Dərdə baxıb Allahın
Böyüklüyün görəsən.

Allah, məni gec böyütdün…

Allah, məni gec böyütdün,
Nəyə əl atdım gec oldu.
Gecikdiyim hər qapıda
Neçə ümidim heç oldu.

Gec tanıdım səhvi, düzü,
Bu dünyanın dönük üzün,
Qoynuna qısıldım sözün,
Sözdə isinib güc aldım.

Yürüdüm işığa, səsə,
Zülmətlə nəfəs-nəfəsə,
Uzun yolu gəldim kəsə,
Yenə həyata gec qaldım.

Daldım bir şirin nağıla,
Qıymadım sehri dağıla,
Ayıldım yana-yaxıla,
Divlər içində puç oldum.

Fələk namərd oyununda,
Düzün kəndiri boynunda.
Haqq deyib əli qoynunda
Gözləməkdən ağac oldum.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.