Press "Enter" to skip to content

İtalyan mahnısı. Sözləri Təranə Turan Rəhimlinindir – VİDEO

Təranə Turan Rəhimli

BAYRAQDAR MEDİA – Tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimlinin italyanca şeirinə bəstələnmiş musiqi İtaliyada böyük marağa səbəb olub. Musiqini istedadlı bəstəkar Ridvan Sadırxanov bəstələyib və ifa edib. “Oh, Mio Dio” adlı italyanca mahnı İtaliyada sənətsevərlərin böyük sevgisini qazanıb.

Təranə Turan Rəhimlinin 2023-cü ildə İtaliyada çap olunan, görkəmli italyan şairi Klaudia Piççinyo tərəfindən tərcümə və nəşr edilən “Ho amato persino la pietra” adlı şeirlər kitabından götürülən şeir Ridvan Sadırxanovun mahnısında yeni bir nəfəs qazanıb.

Maraqlı olacağını nəzərə alaraq şeirin orijinalını da dəyərli oxucularımıza təqdim edirik:

Nə qədər şair var, Allah?!

Nə qədər şair var, Allah.
Nə qədər şeir doğulur.
Boynunda sözün kəndiri
Nə qədər şeir boğulur.

Hamı şahdı söz taxtında,
Sözün bu ucuz vaxtında.
Kimi yıxılır baxtından,
Kimi də sözdən yıxılır.

Qula döndük qul dünyada,
Çıxmağa yox yol dünyadan,
Bu şairdən bol dünyada
Allah, ürəyim sıxılır.

Ridvan Sadırxanov
Ridvan Sadırxanov

Qeyd edək ki, əsərləri 35 dildə 50-dək ölkədə nəşr edilən şairin şeirləri 2016-cı ildən başlayaraq Avropanın müxtəlif ədəbi antologiyalarından və dövri mətbuatından italyan oxucusuna tanışdır.

Təranə Turan Rəhimli İtaliyada bir çox ədəbi müsabiqələrin qalibi, festivalların iştirakçısı, eləcə də Taggia kommunasında keçirilən “Ossia de Seppia” beynəlxalq şeir müsabiqəsinin 1-ci yer mükafatçısıdır.

Bəstənin müəllifi və ifaçısı Ridvan Sadırxanov Avropada yetərincə tanınan, İtaliya Prezidenti Culio Andreottinin “İtalyan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə” mükafat və kubokla təltif etdiyi məşhur sənətkardır. İtaliya Vokal Sənəti Akademiyasının direktoru, Prof. Sorbini burada təhsil almaq üçün istedadlı tələbələrin seçilməsini məhz Ridvan Sadırxanova həvalə edib. Bəstəkarın Avropa ölkələrindəki şöhrəti Azərbaycan incəsənətinin möhtəşəm uğurudur. O, musiqi dünyasına səs salan “Sindibadın qayıdışı” rok operasının müəllifidir. Azərbaycan, rus, ingilis, italyan, çex və hətta çin dillərində dünya klassiklərinin şeirlərindən istifadə ilə yazılan “Sindibadın qayıdışı” təkcə multikultural rok opera deyil, çoxmədəniyyətli xalq operasıdır. Əsərin həmmüəllifi görkəmli alim və mədəniyyət xadimi, Prof. Rafael Hüseynovdur. Azərbaycan dilində olan bütün hissələr – giriş və sonluq onun şeirləri əsasında yazılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.