Jurnalistlər üçün süni zəka təlimi təşkil edilib
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim təşkil edilib. Təlimdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

BAYRAQDAR MEDİA-nın təmsilçisinin də qatıldığı təlimdə qeyd edildi ki, məqsəd media nümayəndərinin fəaliyyətində süni zəka alətlərindən effektiv istifadəni dəstəkləməkdir: “Həmçinin onların iş prosesini optimallaşdırmaq və informasiya istehsalında innovativ yanaşmaların tətbiqini təşviq etmək əsas hədəflərdir”.

Bu çərçivədə iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verildi. Real nümunələr və vörkşoplar əsasında isə süni zəkanın tətbiqi mənimsənildi və sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Onu da vurğulayaq ki, ASAN İnnovativ İnkişaf Mərkəzinin əsas məqsədi qabaqcıl ASAN təcrübəsi əsasında innovativ və yeni təlim metodlarının istifadəsi ilə ölkəmizdə yüksək ixtisaslı kadrlar hazırlamaq, eləcə də dövlət və özəl sektorda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına töhfə verməkdir.
İlk şərhi yaza bilərsiniz