BAYRAQDAR MEDİA – 25-27 fevral 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhidlərimizin övladları üçün qış düşərgəsi reallaşdırılıb. Bununla əlaqədar iştirakçılar 25 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilə birgə tərəfdaşlıq çərçivəsində həmçinin “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə reallaşıb. 11-16 yaş aralığındakı 25 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan əyləncəli idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır. Düşərgə çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla görüşüblər”.
Məlumata görə, rəsmilər şəhid övladları ilə söhbət aparıb, onların müxtəlif mövzularda suallarını cavablandırıblar: “Naxçıvan şəhərində yerləşən Heydər Əliyev muzeyinə ekskursiya da təşkil olunub. Həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümumilikdə 3 gün ərzində iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər. “YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur”.
İlk şərhi yaza bilərsiniz