Press "Enter" to skip to content

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

BAYRAQDAR MEDİA – ADA Universitetinin İxtisasartırma Proqramının ənənəvi olaraq hər il təşkil etdiyi “Xəzər Hövzəsi Araşdırmaları” proqramı fevralın 27-si yekunlaşıb. Bu münasibətlə keçirilən məzun günündə 19 ölkəni təmsil edən və Azərbaycanda yeni fəaliyyətə başlayan diplomatlara sertifikatları təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “proqramın fevralın 17-də keçirilən açılış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə Prorektoru Dr. Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva Universitetin yeni ixtisaslarından, nailiyyətlərindən, ümumilikdə Azərbaycan Diplomatik Akademiyasından ADA Universitetinə qədər olan inkişaf yolundan bəhs ediblər. Onlar “Xəzər Hövzəsi Araşdırmaları” proqramının yeni mərhələsini təqdim edərkən bildiriblər ki, məqsəd Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini regional yeniliklər barədə məlumatlandırmaq, onların bölgə ilə bağlı biliklərini dərinləşdirmək və Azərbaycanı tanıtmaqdır. Əlavə edilib ki, ildə bir neçə dəfə keçirilən proqramında indiyədək 108 ölkədən 500-dək diplomat iştirak edib”.

Sonra xəbərdə, “qeyd edək ki, proqramın son günü Prezidentin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi, səfir Elçin Əmirbəyovun “Azad Olunmuş Qarabağın Bərpası və Regionda Sülh Quruculuğu Prosesi” mövzusundakı dəyirmi masa müzakirəsi ilə yekunlaşıb. Çıxışçı regional sabitlik və təhlükəsizliyə, habelə davamlı sülhə nail olmaq üçün aparılan danışıqlar prosesindən və atılan addımlardan bəhs edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Proqramla bağlı təəssüratlarını bölüşən diplomatlar bildiriblər ki, ADA Universitetinin professor heyəti, Xarici İşlər Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yüksək vəzifəli nümayəndələri, eləcə də yerli beyin mərkəzinin, SOFAZ və BP kimi qurumların ekspertləri tərəfindən keçirilən sessiyalar onlara Azərbaycanı daha yaxından tanımağa fürsət verib” deyə bildirilir.

Qeyd edək ki, “Xəzər Hövzəsi Araşdırmaları” proqramı ərzində iştirakçılar fərqli mövzulardakı interaktiv müzakirələrdə iştirak ediblər, ölkəmizlə bağlı strateji məsələlər üzrə çıxışları dinləyiblər, fikir mübadiləsi aparıblar.

Xəzər Hövzəsi ölkələrindən, xüsusilə Qazaxıstan və Türkmənistandan olan diplomatlar bu regionu təmsil edən diplomat qismində öz fikirlərini paylaşıblar.

Həmçinin, ABŞ, Meksika, Kolumbiya, Almaniya, Niderland, Macarıstan, Koreya, Türkiyə, İordaniya və İsrail kimi fərqli regionlardan olan ölkələri təmsil edən diplomatlar da proqram ərzində öz yanaşmalarını, təcrübələrini bölüşüblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.