BAYRAQDAR MEDİA təmsilçi şair, Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, təcrübəli pedaqoq Mehrəli QULUnun ən yeni təmsilini təqdim edir:
Yerdə bir daşın üstdə
Nəfəs dərirdi Qartal;
Səmalarda çox uçub
Olmuşdu bir az bihal…
…Tülkü uzaqdan görüb
Yaxınlaşdı Qartala;
Cəhdi bu idi, onu
Hiylə toruna sala!
Yaxınlaşıb söylədi:
-“Qartal, xoş gördük səni!
Səmadan yerə qonub,
Seyr edirsən çəməni?”..
Qartal dedi: “Uçşaq da
Yüksək ənginliklərə,
Biz hamımız bağlıyıq
Bu torpağa,bu yerə!
Tülki dedi: “Çox yaxşı
Edirsən, Qartal qardaş!
Onda en, düş torpağa
Oturaq, quraq bardaş.
Torpağı sevirsənsə,
Torpağa təmas elə;
Oturub söhbət edək
Biz ordan-burdan belə…
Qartal dedi: “Bənzətmə
Məni avam Qarğaya;
Bu torpağa bağlıdır,
Qonduğum bu daş, qaya!
Hiyləgər Tülkülərlə
Tutmaz mənim söhbətim;
O mavi səmalarda
Xoş keçər səyahətim!”…
…Qartal qanad çalaraq
Yenə qalxdı havaya;
Tülkünün bəd niyyəti
Puç olub getdi zaya!…
…Sonuncu dəfə baxdı
Tülkü daşa, qayaya;
Əmin oldu; “Qartallar
Bənzəməzlər Qarğaya!”…
25 fevral 2025. Bostançı, Xaçmaz
İlk şərhi yaza bilərsiniz