BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanası arasında onlayn görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşün məqsədi hər iki qurumun fəaliyyəti ilə yaxından tanışlıq və qarşılıqlı tərəfdaşlıq imkanlarının müzakirəsi olub. Tədbirdə hər iki kitabxananın rəhbərləri, şöbə və fond müdirləri iştirak ediblər. NDU Elmi Kitabxanasının direktoru filologiya üzrə fəlsəfə doktoru, Dos. Xumar Məmmədova çıxış edərək kitabxananın fondu, qiymətli kitab kolleksiyaları, ənənəvi və elektron informasiya resurslarına çıxış imkanları barədə ətraflı məlumat verib. X.Məmmədova universitetin gənclər siyasəti çərçivəsində həyata keçirdiyi bir sıra layihələrdən, o cümlədən “Zəfər qəhrəmanlarımızı tanıdaq” layihəsindən, müxtəlif dil kurslarından və tələbələrin könüllü fəaliyyətindən söz açıb”.
Daha sonra xəbərdə, “X.Məmmədova həmçinin, MEK-in zəngin kitab fondunun NDU kitabxanasının inkişafına töhfə verəcəyini vurğulayaraq universitet kitabxanasına dəstək məqsədilə müəyyən kitabların təqdim olunmasını və MEK-in e-kitabxanasından sərbəst istifadəyə giriş imkanının verilməsinə fürsət yaradılmasını təklif edib. MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov da öz növbəsində rəhbərlik etdiyi kitabxanada görülən işlərdən, yeniliklərdən danışıb. Direktor MEK-də uğurla həyata keçirilən könüllülük hərəkatı, “Açıq qapı” layihəsi, yenilənən veb-saytı və genişlənən elektron bazanın əhəmiyyətini vurğulayıb” deyə qeyd edilir.
Xəbərdə həmçinin deyilir “H.Hüseynov gələcək əməkdaşlıq çərçivəsində kitab mübadiləsinin vacibliyini vurğulayaraq, AMEA-nın elmi nəşrlərinin MEK vasitəsilə NDU Elmi Kitabxanasına təqdim olunması üçün MEK tərəfindən lazımi imkanın yaradılacağını bildirib”.
Direktor eləcə də NDU tələbələrinin MEK-in elektron nəşrlərindən ödənişsiz yararlanmaq imkanı əldə edəcəklərini vurğulayıb. Səmərəli keçən görüş zamanı qarşılıqlı səfərlər, təcrübə mübadilələri və təlimlərin təşkili ilə bağlı da müzakirələr aparılıb.
İlk şərhi yaza bilərsiniz