Press "Enter" to skip to content

Əslində, bu, məlumun elanıdır

Çingiz Göytürk

Çingiz Göytürk: İranın mövcud rejimindən bunun əksini gözləmək sadəlövhlük olardı

BAYRAQDAR MEDİA – “Son dövrlər, xüsusilə də fevral ayında baş verənlər İranın mövcud fars-molla rejiminin hansı mahiyyətə malik olduğunu bir daha ortaya qoydu. Həm İran prezidenti Məsud Pezeşkiana türkcə şeir oxuduğu üçün edilən xəbərdarlıq, həm də İran parlamentində dillə bağlı son səsvermə, əslində, belə deyək ki, məlumun elanıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Mərkəzi Şura başqanı Çingiz Göytūrk deyib.

Onun sözlərinə görə, İranın mövcud rejimindən bunun əksini gözləmək sadəlövhlük olardı: “Çünki zatən bu rejimin mahiyətində irqçilik dayanır. Rejim fars dilindən başqa dilləri qəbul etmir. Ona görə də İran parlamentinin plenar iclasında etnik qruplar üçün məktəblərdə ana dili və ədəbiyyatının tədrisi planının qəbul edilməməsi təəccüblü deyil. Əgər bir ölkənin prezidentinə türk dilində iki bənd şeir dediyi üçün xəbərdarlıq edilirsə, o zaman rejimin belə bir planı da qəbul etməyəcəyi bəllidir”.

Ç.Göytürk deyib ki, Məsud Pezeşkiana türkcə iki bənd şeir dediyi üçün edilən xəbərdarlıq şovinizmin və irqçilyin İran rejimində, İran hakimiyyətində nə qədər güclü bir şəkildə olduğunun nümunəsidir: “Bu xüsusda bir məqama diqqəti yönəltmək istəyirəm. Son illər İranda keçirilən seçkilər əhali tərəfindən kütləvi şəkildə demək olar ki, boykot edilirdi. Bu, xüsusilə Güney Azərbaycanlıların yaşadığı bölgələrdə daha qabarıq şəkildə nəzərə çarpırdı. İran fars-molla rejimi son prezident seçkilərində azərbaycanlıları seçki məntəqələrinə gəlməyə təşviq etmək üçün bir sıra ucuz qəhrəmanlıqlara göz yummuşdu. Bununla da azərbaycanlılarda heç bir dayağı, əsası olmayan boş bir ümid yaradaraq, onların seçkilərdə fəal iştirakına nail olmaq istəmişdi. Güney Azərbaycanın milli azadlıq fəalları fars-mollar rejiminin bu seçki oyunu zamanı yaranan boşluqdan istifadə edərək bir sıra fəaliyyətləri həyata keçirmək istəsələr də, onlara qarşı sərgilənən davranışlar, səsləndirilən sözlər, fars sovinizminin qeyri-fars millətlərin hüquqlarına qarşı nə qədər dözümsüz və qəddar olduğunu, açıq təzahürüdür”.

Çingiz Göytürk “bu hadisə, yəni prezidentin türkcə şeir oxumasının əngəllənməsi bir daha göstərdi ki, İran adlı antibəşəri sistemin bir və ya bir neçə məsul şəxsin fəaliyyəti nəticəsində dəyişə biləcəyinə ümid bəsləmək, deşik qabda su daşımağa cəhd etməkdən başqa bir şey deyil. Xatırladım ki, 1991-ci ildə ölkənin ali məhkəməsinin rəhbəri Musevi Ərdəbili parlamentdə Azərbaycanla bağlı məsələ müzakirə edildiyində çıxışının bir bölümünü Azərbaycan dilində səsləndirmişdi. Lakin elə orada da böyük etirazlarla qarşı-qarşıya qalmışdır. Bununla da onun siyasi həyatı bitmişdir. Yəni bu dövlətə nə qədər xidmət edirsən-et, onun çərçivəsindən ayağını kənara atdığın ilk andan kəskin bir şəkildə cəzalandırılırsan. Bunu doktor Məsud Pezeşkian da iliklərinə qədər artıq hiss etmişdir, deyə düşünürəm” deyə sonda bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.