BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Türkiyə tərəfindən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Şərq Texnik Universiteti (ODTÜ) rektorlarının iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak etmək və Türkiyənin ali təhsil müəssisələrinin rektorları ilə görüşmək məqsədilə İstanbul şəhərində səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub. Xəbərdə qeyd olunur ki, “səfər çərçivəsində E.Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak edib. Nümayəndə heyəti səfər zamanı E.Özvar, o cümlədən Türkiyənin Mərmərə Universitetinin rektoru Mustafa Kurt və İTÜ-nün rektoru Hasan Mandal ilə görüşüb”. Sonra xəbərdə, “görüş çərçivəsində sözügedən universitetlərin qabaqcıl fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanışlıq olub, Qarabağ Universiteti də daxil olmaqla, bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə də görüş keçirilib, tələbələrin gələcək akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib” deyə bildirilir. Qeyd edək ki, martın 2-dək davam edəcək səfər çərçivəsində universitet rektorları ilə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.
İlk şərhi yaza bilərsiniz